...

“Tullantıdan Sənətə” İkinci Beynəlxalq sərginin rəsmi bağlanış mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 21 İyun 2013 13:29 (UTC +04:00)
Bir insanın atdığı tullantı digər insanın sənət əsəri üçün material ola bilər.
“Tullantıdan Sənətə” İkinci Beynəlxalq sərginin rəsmi bağlanış mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Bir insanın atdığı tullantı digər insanın sənət əsəri üçün material ola bilər. Plastik velosiped zəncirlərindən hazırlanmış it fiqurları, plastik butulkalardan hazırlanmış bijuteriyalar, köhnə pianonun hissələrindən istifadə edilərək hazırlanmış kompozisiyalar, köhnə təkərlərin kameralarından hazırlanmış fiqurlar, parça, elektronik tullantılarından istifadə edilərək hazırlanmış 3D formatlı rəsm əsərləri, hər bir tullantı parçasını insan təxəyyülü vasitəsilə sənət əsərinə çevrilə biləcəyi 16-20 iyun tarixlərində "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda keçirilən "Tullantıdan sənətə" adlı İkinci Beynəlxalq sərgidə nümayiş etdirilib. Bu barədə cümə günü "Təmiz Şəhər" ASC-nin mətbuat xidmətindən bildirilib.

İyun ayının 20-də Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə "Təmiz Şəhər" ASC tərəfindən "Tullantıdan sənətə" adlı İkinci Beynəlxalq sərginin rəsmi bağlanış mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov əhalinin ekoloji təhsili və maarifləndirilməsinin dövlət ətraf mühitin mühafizəsi üzrə siyasətinin ən vacib istiqamətlərindən biri olduğunu və həmçinin Heydər Əliyev Fondunun bu sahəni daim diqqətdə saxladığını və mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirdiyini qeyd edib. Qeyd olunub ki, "Təmiz Şəhər" ASC öz növbəsində bu təşəbbüslərə dəstək olaraq daima maarifləndirmə proqramları keçirir. "Tullantıdan sənətə" adlı İkinci Beynəlxalq sərginin əhəmiyyətindən danışan Z. İbrahimov tədbirin keçirilməsində başlıca məqsədin incəsənət vasitəsilə əhalinin tullantıya münasibətinin dəyişmək və tullantıların təkrar istifadəsini aşılamaq olduğunu vurğuladı. Bildirildi ki, sərgidə Azərbaycan rəssamları ilə yanaşı Fransa, İtaliya, Birləşmiş Krallıq, ABŞ, Yaponiya, Benin, Albaniya, Ukrayna, Qazaxıstan, Belarus, İsrail, Özbəkistan, Tacikistan, Türkiyə və Rusiyadan ümumilikdə 24 rəssam iştirak edib və 5 gün ərzində adətən gərəksiz hesab edilərək atılan materiallardan möhtəşəm sənət əsərləri hazırlayıblar.

Sonra isə rəssamlardan əl işləri ilə 7 dəfə Ginnes Rekordlar Kitabında yer almış albaniyalı iştirakçı Saimir Strati çıxış etdi və belə bir sərginin Azərbaycanda keçirilməsinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirdi və birlikdə ətraf mühiti qorumağa və daha təmiz dünya qurmağa çağırıb.

Sərginin təşkilində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Qız Qalası" qalereyası tərəfindən təşkilati dəstək göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti