Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir Elçin Mehdiyev/
Bakı 2015 Avropa Oyunları ilə bağlı nəzərdə tutulan marşrut üzrə avtomobil yolları şəbəkəsində yenidənqurma, orta və cari təmir işləri həyata keçiriləcək. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.
P.Mürsəliyev qeyd edib ki, Bakı 2015 Avropa Oyunları ilə bağlı nəzərdə tutulan marşrut üzrə avtomobil yolları şəbəkəsində yeni yol tikintisinə ehtiyac varsa tikiləcək, yenidənqurmaya ehtiyac varsa, yenidən qurulacaq və yaxud da ola bilsin cari təmir və ya orta təmir lazım ola bilər: "Heydər Əliyev prospektində köməkçi yolda - mərkəzdən hava limanı istiqamətində Bağırov körpüsünün alt hissəsində tuneldə aparılan təmir-bərpa işləri də bununla bağlıdır. Nəzərə alsaq ki, o tunel 5-6 il bundan öncə istismara verilib, təbii ki, orada cari təmir işi getməlidir. Bu işlər nəqliyyat vasitələrinin hərəkətində yarana biləcək sıxlığı nəzərə alaraq həftəsonuna təxirə salınıb".