Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir Elçin Mehdiyev/
"Stend Atıcılığı İdman Kompleksinə çəkilən avtomobil yolundan Bakı dairəvi avtomobil yoluna çıxmaq məqsədilə inşa olunan estakadanın tikintisi üzrə işlərin 80 faizi yerinə yetirilib". Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.
P.Mürsəliyev qeyd edib ki, 15 aşırımdan ibarət estakadanın giriş-çıxış yolları ilə birlikdə uzunluğu 1070 metr təşkil edəcək.
Onun sözlərinə görə, 3 zolaqlı, birtərəfli hərəkət üçün nəzərdə tutulan esdakadanın uznluğu 445 metr təşkil edəcək: "Artıq bütün aşırımlar hazırdır, hazırda məhəccərin quraşdırılması, təkər qaytaranların monolit betonla tökülməsi və asfalt-beton ötrüyünun salınması işlərinə hazırlıq gedir. May ayı ərzində estakadanın istismara verilməsi nəzərdə tutulur".
P.Mürsəliyev əlavə edib ki, estakada istismara verildikdən sonra Bakı-Quba yolu istiqamətindən gələn nəqliyyat vasitələri, eyni zamanda, avtovağzal ərazisindən Bakı-Qazax, Ələt-Astara, Hacıqabul-Bəhramtəpə istiqamətində hərəkət edən nəqliyyat vasitələri həmin estakada vasitəsilə birbaşa dairəvi avtomobil yoluna çıxacaq ki, bu da avtovağzal adlanan ərazidə sıxlığın aradan qaldırılmasına xidmət edəcək".