...

Bakının iki prospektini birləşdirən küçə təmir olunur (FOTO)

Cəmiyyət Materials 9 İyul 2015 16:52 (UTC +04:00)
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə Bakının bəzi küçə və prospektlərdə təmir-tikinti işləri aparılır.
Bakının iki prospektini birləşdirən küçə təmir olunur (FOTO)

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə Bakının bəzi küçə və prospektlərdə təmir-tikinti işləri aparılır.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu işlər çərçivəsində iki böyük prospekti, A.Nobel və Babək prospektlərini birləşdirən Nəcəfqulu Rəfiyev küçəsi təmir olunur.

Uzunluğu 1070, ortalama eni 16 metr olan küçədə yeni asfalt-beton örtüyünün döşənməsi üçün kommunikasiya xətləri çəkilmiş xəndəklər bərkidilir, köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq ərazidən daşınır. Ümumilikdə küçənin 19 500 kvadratmetr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi planlaşdırılır.

Bundan başqa, Nəcəfqulu Rəfiyev küçəsində köhnə səki daşlarının sökülməsi işləri də aparılır. Söküntü işləri başa çatandan sonra bura təqribən 2200 paqon-metr yeni səki daşı düzüləcək. Təmir işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulacaq, yağış barmaqlıqları yerləşdiriləcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları dəyişdiriləcək.

Təmir-tikinti işləri Nəqliyyat Nazirliyi və "Azəryolservis" ASC rəhbərliyinin nəzarəti altındadır. Aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazimı sayda qüvvə cəlb olunub.

Təmir işləri ilə əlaqədar yaranmış müvəqqəti narahatlığa görə, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC sürücülərdən üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti