...

Cənub bölgəsində güclü yağışların yollarda yaratdığı problemlər aradan qaldırılır

Cəmiyyət Materials 31 Oktyabr 2015 12:10 (UTC +04:00)
Cənub bölgəsinə yağan aramsız yağışlarla əlaqədar olaraq Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin həmin rayonlar üzrə Yol İstismar idarələri gücləndirilmiş iş rejimində çalışırlar.
Cənub bölgəsində güclü yağışların yollarda yaratdığı problemlər aradan qaldırılır

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Cənub bölgəsinə yağan aramsız yağışlarla əlaqədar olaraq Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin həmin rayonlar üzrə Yol İstismar idarələri gücləndirilmiş iş rejimində çalışırlar. Mövcud olan bütün canlı qüvvə, texnika, maşın və mexanizmlər balansda olan bütün avtomobil yollarında sel suları nəticəsində yaranan problemlərin aradan qaldırılması üçün səfərbər olunub.

ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, aramsız yağan yağışlar nəticəsində Lənkəran rayonunda Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin balansında olan İstisu-Havzana yolunun 5-ci kilometrliyində, Mollaoba kəndində, Veravul çayı üzərində və Diryan yolunda yerləşən körpülərin yanaşma yollarının müəyyən hissələrini sel suları yuyub. Dərhal əraziyə cəlb olunmuş canlı qüvvə və texnika vasitəsi ilə həmin hissələr bərpa olunub. Körpülərə heç bir ziyan dəyməyib. Əşlə kəndinə gedən yolda Lənkəran çayı üzərində yerləşən körpünün orta dayağında sel sularının güclü axını nəticəsində bir-neçə santimetr çökmə qeydə alınıb. Sözügedən istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkətində hazırda hər-hansı bir problem yoxdur.

Lerik rayonunda Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin balansında olan Piran-Veri və Piran-Bürsülü yollarında yerləşən su ötürücüləri sel suları nəticəsində yuyulub dağılsa da əraziyə cəlb olunmuş qüvvələr qısa müddət ərzində həmin istiqamətlərdə problemləri aradan qaldıraraq, nəqliyyat vasitələrinin hərəkətini bərpa ediblər.

Hazırda Lerik rayonunun Vənədi yolunda və Cəlilabad rayonunun Cəlilabad-Seyidbazar avtomobil yolunun 6-cı kilometrliyində su nizamlayıcı boruların sel suları səbəbi ilə yuyularaq dağılması istiqamətində bərpa işləri həyata keçirilir. Yaxın saatlarda həmin istiqamətlərdə də nəqliyyat vasitələrinin hərəkəti bərpa ediləcək.

Lənkəran-Lerik, Masallı-Yardımlı və Ələt-Astara-İran İslam Respublikası sərhədi avtomobil yollarında hazırda nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem yoxdur. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin canlı qüvvəsi və texnikası sözügedən yollarda nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkəti üçün işlərini davam etdirir.

Hazırda Cəlilabad, Masallı, Yardımlı, Lənkəran və Lerik rayonlarının Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin balansında olan bütün avtomobil yollarında vəziyyət nəzarət altındadır və təbii fəlakət nəticəsində yarana biləcək hər-hansı bir problemin dərhal aradan qaldırlması üçün bütün texnika, maşın və mexanizmlər hazır vəziyyətdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti