...

YAP-ın fəal gəncləri müstəqillik gününü birgə qeyd ediblər (FOTO)

Cəmiyyət Materials 13 Oktyabr 2016 16:27 (UTC +04:00)
YAP Nizami və Qaradağ rayon təşkilatlarının fəal gəncləri müstəqillik gününü birgə qeyd ediblər.
YAP-ın fəal gəncləri müstəqillik gününü birgə qeyd ediblər (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami və Qaradağ rayon təşkilatlarının fəal gənclərinin təşəbbüsü ilə silsilə tədbirlər keçirilib.

Oktyabrın 11-də YAP Qaradağ rayon təşkilatının bir qrup gənc fəalı YAP Nizami rayon təşkilatının qonağı olub.

Rayon təşkilatının qərargahında gənclərlə keçirilən görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının ildönümünün hər bir azərbaycanlının böyük fəxrlə qeyd etdiyi tarixi hadisə olduğunu deyib.

Deputat bu bayramın Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrində də qeyd edildiyini söyləyib. Bildirilib ki, Azərbaycan xalqının ikinci dəfə müstəqilliyini elan etməsi bir əsrdə xalqımızın siyasi tarixində yaşadığı ikinci ən parlaq qələbə idi. Müstəqilliyimizin ilk illərində xalqımız dünyaya bəxş etdiyi dahi insan, böyük vətənpərvər şəxsiyyət Heydər Əliyev kimi görkəmli bir siyasətçinin siyasi hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və buna nail oldu. “Müstəqilliyimiz dönməzdir, əbədidir” deyən ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir. Son illərdə Azərbaycanın iqtisadiyyatında, hərbi quruculuğunda, elm, mədəniyyət, səhiyyə, təhsil, idman, insanların sosial müdafiəsi sahələrində böyük uğurlar əldə edilib.

YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov da dövlət müstəqilliyinin möhkəmləndirilməsində, əbədiliyinin və dönməzliyinin təmin edilməsində müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərini xatırladıb.

Qeyd edilib ki, 1990-cı illərin əvvəllərində dövlət müstəqilliyimizə əngəl törədəcək xeyli hadisələr baş verib, lakin Azərbaycan xalqı bu çətinliyin öhdəsindən gələ bilib. Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yoluna qədəm qoyub, xarici ölkələrlə bir çox sahələrdə müqavilələr imzalanıb. Ulu Öndər tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan beynəlxalq arenada layiqli yerini tutub. Ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Son on üç ildə Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan misli görünməmiş inkişafa nail olub, dünyada nüfuzlu dövlətə çevrilib. Azərbaycan xalqı, vətəndaş cəmiyyəti Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Bu, sentyabrın 26-da keçirilən ümumxalq səsverməsində də sübuta yetirilib”, - deyə Aydın Hüseynov əlavə edib.

Görüşdən sonra gənclər SOCAR Ekologiya İdarəsinin “Ekoloji park”ına ekskursiya ediblər.

Əvvəlcə gənclər ağac əkiblər, sonra açıq havada gəzinti zamanı Eko-parkın tarixçəsi, yaradılma məqsədi, parkın istehsalat sahələri, infrastrukturu, quraşdırılan külək generatorları, günəş panelləri və parkda tətbiq olunan digər texnologiyalarla tanış olublar.

Gənclərə parkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif növ bitkilərin bio-ekoloji xüsusiyyətləri və becərilmə üsulları haqqında geniş məlumat verilib.

Oktyabrın 13-də YAP Nizami rayon təşkilatının fəal gəncləri Qaradağ rayonuna səfər ediblər.

Rayonun mərkəzində müstəqilliyimizin qorunmasında, möhkəmlənməsində misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, sonra Heydər Əliyev Mərkəzilə tanışlıq olub.

Daha sonra Qobustan Milli Tarix-Bədii Qoruğunda olan gənclər əvvəlcə qoruğun muzeyində nümayiş etdirilən eksponatlara baxıblar.

Məlumat verilib ki, Bakıdan 65 kilometr məsafədə yerləşən Qobustan Azərbaycanın qədim tarixinin yadigarlarından biridir. Qoruq bu ərazinin Üst Paleolit və Mezolit dövrlərinin ilk ovçu qəbilələrinin, Neolit dövrünün ilk maldarlarının məskəni olmasını sübut edən abidədir. Ərazidə aparılmış tədqiqatlar nəticəsində mindən çox qayanın üzərində altı mindən artıq təsvir qeydə alınıb. Burada 40-dan artıq kurqan aşkar olunmuş və 105 mindən çox maddi mədəniyyət nümunəsi tapılıb. Qobustan qayalarında insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələri təsvir edilib. Oyma, sürtmə, çapma və cızma üsulları ilə çəkilmiş təsvirlərin ən qədimləri eramızdan əvvəl VIII minilliyə aiddir.

Gənclərə məlumat verilib ki, 4 min hektardan artıq ərazidə yerləşən dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilib.

Qədim insan məskəni ilə tanışlıqdan məmnun qalan gənclər ərazidə aparılmış tədqiqat işləri və tarixi eksponatlarla maraqlanıblar.

Sonda xatirə şəkilləri çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti