...

Bakıda bu yerlər qripə qarşı dezinfeksiya edildi

Cəmiyyət Materials 17 Noyabr 2016 14:54 (UTC +04:00)
Bakıdakı bütün ali məktəblərdə, kolleclərdə və məktəbəqədər təhsil müəssisələrində, məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə, o cümlədən köçkün yataqxanalarında qrip və kəskin respirator virusa qarşı kütləvi dezinfeksiya tədbirləri aparılıb.
Bakıda bu yerlər qripə qarşı dezinfeksiya edildi

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıdakı bütün ali məktəblərdə, kolleclərdə və məktəbəqədər təhsil müəssisələrində, məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə, o cümlədən köçkün yataqxanalarında qrip və kəskin respirator virusa qarşı kütləvi dezinfeksiya tədbirləri aparılıb.

Bunu Trend-ə Bakı Şəhər Dezinfeksiya Stansiyasının kadrlar üzrə mütəxəssisi Kəmalə Cəfərova deyib.

K.Cəfərova qeyd edib ki, bu tədbirlər səhiyyə naziri Oqtay Şirəliyevin qrip və kəskin respirator xəstəliklərinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə verdiyi əmri əsasında həyata keçirilib. K.Cəfərova əlavə edib ki, Bakıdakı 331 məktəbəqədər təhsil müəsssisəsində dezinfeksiya tədbirləri yekunlaşsa da, paytaxtdakı 334 ümumtəhsil müəssisəsində bu işlər hələ davam etdirilir.

Onun sözlərinə görə, indiyədək yalnız Bakının Qaradağ, Səbail və Yasamal rayonlarında bir necə orta məktəb dezinfeksiya edilməyib. Bunu həmin məktəblərdə tədrisin iki növbədə aparılması ilə izah edən K.Cəfərova həmin təhsil müəssisələrində də dezinfeksiya tədbirlərinin noyabrın 19-dək yekunlaşacağını və bununla bu tədbirlərin paytaxdakı bütün ümumtəhsil müəssisələrini əhatə edəcəyini söyləyib.

Qeyd edək ki, dezinfeksiya tədbirləri Bakı ilə yanaşı, ölkənin digər böyük şəhərlərində - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Masallı və Cəlilabadda da aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti