...

Zərərçəkmiş: Bağışlanman üçün 100 min manat verməlisən...

Cəmiyyət Materials 19 Dekabr 2016 13:26 (UTC +04:00)
Bu gün Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digər 3 sabiq MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Zərərçəkmiş: Bağışlanman üçün 100 min manat verməlisən...

Bakı. Samir Əli - Trend:

Bu gün Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digər 3 sabiq MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə "Süleyman Transport" epizodu üzrə ifadələr dinlənilib. Sonra zərərçəkmiş Fikrət İbrahimov ibtidai istintaqa verdiyi ifadəsini təsdiqlədiyini deyib.

Məhkəmədə F.İbrahimovun ifadəsi elan olunub.

İfadədə göstərilib ki, ləğv edilmiş MTN-nin əməkdaşları tərəfindən onun külli miqdarda pulu alınıb. İfadədə qeyd edilib ki, F.İbrahimov dostu vasitəsi ilə tanıdığı Vidadi Hüseynova 300 min manat pul verərək, “Qala” MMC-yə məxsus Quba rayonu Vəlvələ çayında olan daş karxanasına şərik olub. 2014-cü ildə isə Qazaxıstanda olarkən ona gizli nömrədən zəng gəlib və özünü Mübariz kimi təqdim edən şəxs onu MTN-ə çağırıb.

Zərərçəkmişin ifadəsində deyilir:

"MTN-ə getdim. Mübariz Akif Çovdarovun işçisi olduğunu dedi. Məndən “Süleyman Transport” və Qala MMC-nin fəaliyyəti, gəlirləri, direktoru və təsisçiləri haqqında məlumat almağa başladı. Mübariz dedi ki, sizin hyəyata keçirdiyiniz xarici ölkələrdən yük daşınmasında nöqsanlarınız var, cinayətkar fəaliyyət göstərirsiniz. O, həmçinin yükdaşıma şirkətinin sahibi Rəşad Babazadə haqqında mənə suallar verdi. Dedim ki, Rəşad dostumun tanışıdır, 2011-ci ildə mənim yanımda çalışıb, sonra çıxıb gedib, sonrakı fəaliyyətindən xəbərsizəm. Mübariz dedi ki, şirkətinin adını niyə “Süleyman Transport” qoymusan? Çox primitiv suallar verirdi. Mən başladım gülməyə. Əsəbiləşdi, mənə dedi ki, “sən bilirsən, hansı təşkilata gəlmisən, sən MTN-in gücünü bilmirsən”. Təxminən 1 saatdan sonra Rəşadı da yanıma gətirib üzləşdirdi. Rəşad da mən deyənləri dedi. Mübariz kiməsə zəng edib otağa çağırdı".

O deyib ki, söhbətin davamında Akif Əliyev otağa gəlib. Zərərçəkmiş A.Çovdarov tərəfindən hədə və şantaj məruz qaldığını bildirib.

"MTN-dən çıxanda Vidadi Hüseynova zəng etdim. O, Almaniyada olduğunu dedi. Dedim ki, MTN şirkətdə yoxlama aparır. O, heç nə demədi. Mübariz dalbadal 3 gün məni MTN-in binasına çağırdı. İzahatlar aldı. Sonra məni nazirliyin yanındakı poliklinikanın yanında görüşə çağırdı. Getdim. Birbaşa olaraq məndən 30 min manat pul istədi. Bildirdi ki, pulu verməsəm, məni həbs edəcəklər. Onunla söhbət edib 12 minə razılaşdıq. Ordan çıxıb polis rəisi olmuş dostum Bəhramın yanına getdim. Xahiş etdim ki, pulu verməyə birlikdə gedək. Səhəri gün maşınımla MTN-in qabağındakı dayanacağa gəldim. Mübarizə zəng vurdum. Aşağı gəldi. 12 min manatı qəzetə bükülmüş şəkildə Mübarizə təqdim elədim”- deyə ifadədə bildirilir.

Zərərçəkən şəxs ifadəsində MTN polkovniki Akif Əliyevin onu otağına çağırdığını da deyib. F.İbrahimov bildirib ki, A.Əliyev otaqda onu hədələyib: “Akif otağa girən kimi üstümə düşdü. Dedi, “biz sənə tapşırmışdıq ki, bizə verdiyin pulun səsi çıxmasın, sən kimsən ki, bu söhbəti yayırsan. Hələ MTN-in adından da istifadə edib dələduzluq edirsən”.

A.Əliyev A.Çovdarovun məndən narazı olduğunu, bütün fəaliyyətimin yoxlanacağını və həbs ediləcəyimi dedi. Bir neçə gün keçdi. A.Əliyev yenə məni MTN-ə çağırdı və belə dedi ki, A.Çovdarovun bağışlaması üçün 100 min manat verməliyəm. O qədər pulumun olmadığını dedim. 50 min manata razılaşdıq. Səhəri gün 40 min manatı birtəhər düzəltdim. Anara zəng elədim. Nazirliyin yanında olan 20 nömrəli məktəbin yaxınlığında görüşdük. 40 min verdim və dedim ki, 10 min əksikdir. Anar zəng edib məsələni Akif Əliyevə dedi. 10 minə görə bir neçə gün vaxt verdilər. Üstündən 3-4 gün keçmiş Anar yenə zəng elədi, 10 min verməli olduğumu yadıma saldı. Səhər nazirliyin qabağına gələrək, qəzetə bükülmüş şəkildə 10 mini də verdim”.

A.Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərə bildirib ki, müdafiə etdiyi şəxs aclıq aksiyasını dayandırdıqdan sonra ekspertizadan keçirilməyib. Onun sözlərinə görə, A.Çovdarov hələ müayinə olunmayıb. Müayinələrdən sonra ekspertizadan keçiriləcək.

Məhkəmə prosesində 1 saat fasilə elan edilib.

Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılıb. Sonra A.Çovdarovun barəsindəki həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovla bağlı cinayət işi sentyabrın 5-də baxılmaq üçün məhkəməyə göndərilib. Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti