...

Qaradağ rayon İcra Hakimiyyəti hesabat verdi

Cəmiyyət Materials 7 Fevral 2017 11:05 (UTC +04:00)
Qaradağ rayon İcra Hakimiyyətinin 2016-cı ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib.
Qaradağ rayon İcra Hakimiyyəti hesabat verdi

Bakı. Trend:

Qaradağ rayon İcra Hakimiyyətinin 2016-cı ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 10 yanvar 2017-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Millət vəkili Mixail Zabelin, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Yığıncaqdan öncə tədbirdə iştirak rayon rəhbərliyi ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Hesabat yığıncağında ilk öncə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 10 yanvar 2017-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitqində ölkəmizin əldə etdiyini yüksək nailiyyətlərini vurğulayıb.

Ümummilli Liderin uzaqgörən siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün dünyanın müxtəlif yerlərində müşahidə olunan xoşagəlməz proseslər, siyasi və iqtisadi böhranlar insanların etirazları ilə qarşılanır. Lakin ölkəmizin sağlam təməllər üzərində qurulan iqtisadi inkişafı təhlükəsiz şəraitdə yaşamağımızın qarantıdır. Qeyd olunub ki, Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır, sabitlik təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır. Azərbaycanın iqtisadi inkişaf modeli bir çox ölkələr üçün nümunə ola bilər. Məruzə nitqi ilə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov daha sonra bildirmişdir ki, qazanılan hər bir uğura dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunub. Məhz ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər Qaradağ rayonunda bir çox mühüm obyektlərin inşası uğurla başa çatdırılıb.

Bunun bariz nümunəsi kimi ötən il ərzində ölkə başçısı İlham Əliyevin Qaradağ rayonuna 3 dəfə səfər etdiyini göstərmək olar. Ölkə baççısının “Mətanət-A” şirkətinin Yeni Ağdağ gips zavodunun açılış mərasimində, Gəmiqayırma zavodunda “Üfüq”, “Zəfər” və “Turan” sərnişin gəmilərinin istismara verilməsi tədbirində və Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirakı hesabat ilinin ən yaddaqalan hadisələrindən olub. 2016-cı ilin yekunları haqqında geniş məruzə nitqi ilə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, rayon üzrə 669,14 milyon manatlıq sənaye məhsulu istehsal edilib, rayon sənayesində qeyri dövlət müəssisələri tərəfindən 397,45 milyon manatlıq, dövlət müəssisələri tərəfindən isə 302 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş, istehlakçılara 815 milyon manatlıq məhsul göndərilib. Neft və qaz sənayesi müəssisələrində 536,6 min ton xam neft və 620 milyon kub metr təbii qaz hasil olunmuşdur. Rayonun sosial və iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 174 milyon 394 min manat investisiyadan istifadə edilib. Rayon üzrə 1,5 milyon ton sement, 78 min ton mişar daşı istehsal edilib. Ötən il ərzində rabitə xidmətlərinin həcmi 2,7 milyon manat olub. Pərakəndə əmtəə dövriyyəsi 2,6 milyard manat, əhaliyə göstərilən pullu xidmətlər isə 118 milyon manat olub. 2016-ci ildə avtomobil nəqliyyatında fəaliyyət göstərən müəssisələr tərəfindən 71,4 milyon manatlıq xidmətlər göstərilib. Sevindirici haldır ki, bütövlükdə hesabat ilinin əvvəlindən rayonumuzda 2088 yeni iş yeri açılıb ki, bunun 1689-u fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərdədir. Ötən il ərzində rayonumuzda orta aylıq nominal əmək haqqı 17,5 faiz artaraq 972,6 manat olub. Hesabat ilində rayonun 1228 aztəminatlı ailəsinə ümumilikdə 2 milyon 586 min manat ünvanlı sosial yardım verilib. Əhalinin aztəminatlı təbəqələrinə müxtəlif təqaüdlər də ödənilib. Artıq iki ildir ki, fəaliyyətdə olan “ASAN xidmət” regionlardakı əhaliyə səyyar formada xidmətlər göstərir. Hesabat ilində Qaradağ rayonunun Lökbatan, Sahil, Qobustan, Ələt və Müşviqabad qəsəbələrində 10 min nəfərdən çox rayon əhalisinə səyyar "ASAN xidmət" göstərilib. Rayonun Sanqaçal qəsəbəsi ərazisində Neft-Qaz və Neft-Kimya Kompleksinin salınması üçün ümumi sahəsi 3850 hektar olmaqla, Qaradağ rayon ərazisindən 1875 hektar torpaq sahəsi ayrılıb. Kompleksin tikintisinə təxminən 7 milyard ABŞ dolları vəsait xərclənəcək. Tikinti işləri zamanı ərazidə 30 min, istehsal prosesində isə 15 mindən çox vətəndaş işlə təmin olunacaq.

Məruzə ətrafında Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Yusif Nəsibov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktorunun müavini Əkbər Kərimov, Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinin Məhərrəm Məhərrəmov, zalda quraşdırılmış mikrofonlardan Qızıldaş qəsəbə sakini Sərdar Hacıyev, sakin Atakişi Cəfərov çıxış edərək rayon İcra hakimiyyətinin 2016-cı ildəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini bildiribər.

İclasda iştirak edən Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov ölkədə gedən iqtisadi islahatlardan, ölkə başçısı cənab Prezidentin son zamanlar devalvasiya ilə əlaqədar imzaladığı ardıcıl sərəncamları və verdiyi fərmanları geniş təhlil edib. Milli Məclisin deputatı Mixail Zabelin çıxış edərək əldə olunan uğurları yüksək dəyərləndirdi, Qaradağ rayonunda olan multikultar dəyərlərdən, ötən il keçirilmiş tədbirlərdən geniş söz açıb. Hesabat yığıncağında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev respublikamızın 2016-ci ildə əldə etdiyi sosial-iqtisadi inkişafdan danışmış, ölkə üzrə statistik məlumatları iclas iştirakçılarının nəzərinə çatdırıb.

Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilib və yekdilliklə qəbul edilib. Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

Hesabat yığıncağını yekun sözü ilə bitirən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov möhtərəm Prezidentimizə dərin minnətdarlığını bildirmişdir.

Rayon ictimaiyyətinə ölkə başçısı cənab İlham Əliyevin verdiyi tapşırıqların, Nazirlər Kabinetinin məlum iclasındakı nitqindən irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi və Qaradağ rayonunun davamlı sosial-iqtisadi inkişafını təmin edilməsi üçün tapşırıqlarını verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti