...

“Nərimanov” elektrik deposunda qatarların əsaslı təmiri sexinin inşası yekunlaşır (FOTO)

Cəmiyyət Materials 4 May 2017 12:32 (UTC +04:00)
“Nərimanov” elektrik deposunda qatarların əsaslı təmiri sexinin inşası tamamlanmaq üzrədir.
“Nərimanov” elektrik deposunda qatarların əsaslı təmiri sexinin inşası yekunlaşır (FOTO)

Bakı. Samir Əli - Trend:

“Nərimanov” elektrik deposunda qatarların əsaslı təmiri sexinin inşası tamamlanmaq üzrədir.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, 2013-2015-ci illərdə Bakı metropoliteninin 6 qatarının Moskva Elektrik Qatarların Təmiri Zavodunun Tbilisidəki filialında əsaslı təmiri ilə bağlı iqtisadi araşdırma aparan "Bakı Metropoliteni" QSC rəhbərliyi qatarların əsaslı təmirinin yerli şəraitdə təşkilinin daha böyük səmərə və daha keyfiyyətli təmir prosesini qurmağa imkan verəcək yeni sexin inşası ilə bağlı qərar verib:

"Artıq sexin metal konstruksiyasının sendviç panellərlə örtülməsi tamamlanmaq üzrədir. Layihə üzrə əmək şəraitinin maksimal tələblərinə cavab verən iki mərtəbədən ibarət işçi, yardımçı, sanitar-məişət və texniki otaqların inşasında əsas mərhələ qarşıdadır. Binanın tavanında müvafiq havalandırma kanalları qoyularaq avadanlıqların quraşdırılması üçün hazır vəziyyətə gətirilib. Döşəmənin betonlanması yekunlaşıb, sahələr arasında arakəsmələr inşa olunub, müvafiq qovşaqlar qurulub. Sexdaxili dəmiryolları, texniki tələblər nəzərə alınmaqla, xüsusi layihə əsasında çəkilib. Deponun park yollarından dəmiryol xətlərinin çəkilməsi məqsədilə yoldəyişdirici qurğular quraşdırılıb və sex yollarına birləşdirməyə hazır vəziyyətə gətirilib. Yeni sex üç sahədən ibarət olacaq. Qaldırma təmiri funksiyalı ümumi sexdə vaqonların sökülməsi-quraşdırılması, qaynaq və dəmirçi işləri yerinə yetiriləcək. Digər sahələrdə vaqonların antikorroziya tədbirləri görülmək üçün qumla təmizlənməsi və emalı, rənglənməsi prosesi ən müasir texniki tələblər səviyyəsində qurulacaq. Bu işlərin hamısı Bakı metropoliteninin özünəməxsusluqları nəzərə alınmaqla tətbiq ediləcək".

N.Paşayev bildirib ki, qatarların əsaslı təmiri sexi vaqonlarda modernləşdirilmə tədbirlərini həyata keçirməyə və onları ən müasir standartlar səviyyəsinə çatdırmağa imkan verəcək:

"Yaxın vaxtlarda sexdə müvafiq işçi avadanlıqların və iş şəraitinin qurulmasına başlanılacaq. Görüləcək işin xüsusiyyətləri nəzərə alınaraq, sexdə yüksək standartlı yanğın təhlükəsizliyi, havalandırma, ekoloji təmizliyin ən yüksək tələbləri nəzərə alınmaqla filtrasiya sistemləri quraşdırılacaq. Müasir standartların tətbiqi məqsədilə yüksək manevrli arabacıqların, qaldırıcı və çoxfunksiyalı daşıyıcı qurğuların, eləcə də digər maşın və mexanizmlərin tətbiqi nəzərdə tutulub. Bununla, qatarların əsaslı təmiri səhəsi ən müasir tələblərə cavab verməklə, metropoliten tarixində irimiqyaslı yenilik olacaq. Yeni sex elə ilk günlərdən ən yüksək peşəkarlıq standartlarının tətbiqi ilə fəaliyyətə başlayacaq. 2014-cü ildən bu istiqamətdə tədbirli fəaliyyət proqramı həyata keçirilir. İlk tədbirlər vaqonların korroziyadan təmizlənməsi və rənglənməsi olub. Ardınca vaqon salonlarının yenilənməsi də uğurla tətbiq edilib. Daha sonra vaqonların elektrik xətləri, işıqlanma şəbəkəsi, döşəməsi, oturacaqların yenilənməsi yerinə yetirilib. Xüsusi əhəmiyyət kəsb edən maşinist kabinasının ön hissəsinin uğurla dəyişdirilməsi və bir sıra digər yeniliklər vaqonların yerli şəraitdə modernləşdirilməsi üçün imkan və potensialı da əyani nümayiş etdirib. Bu addımlar qatarların ölkə xaricində təmirinə çəkilən xərclərə külli miqdarda qənaət edilməsinə, təmirin keyfiyyətinə zəmanəti təmin edir. Yeni sex iş yerlərinin yaradılmasını, səriştəli kadrların hazırlanmasını sürətləndirəcək. Bu sex inşa olunacaq yeni əsaslı təmir depoları üçün kadr hazırlığına təkan olacaq, həmçinin vaqon təmiri və istehsalı sahəsində elmi potensial üçün stimul verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti