...

BDU-da yerli və beynəlxalq informasiya agentliklərindən bəhs edən kitab təqdim olunub (FOTO)

Cəmiyyət Materials 10 İyul 2017 16:07 (UTC +04:00)
BDU-da yerli və beynəlxalq informasiya agentliklərindən bəhs edən kitab təqdim olunub.
BDU-da yerli və beynəlxalq informasiya agentliklərindən bəhs edən kitab təqdim olunub (FOTO)

Bakı. Trend:

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, kafedranın müəllimləri Pərvanə İbrahimova və Vəfa İsgəndərovanın birgə müəllifliyi ilə nəşr olunan “Jurnalistika: Dünyanın aparıcı informasiya agentlikləri, Azərbaycanda informasiya agentliklərinin təşəkkülü və inkişaf perspektivləri, Beynəlxalq jurnalist hərəkatı” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, fakültənin professor-müəllim heyəti və mətbuat orqanlarının rəhbərləri iştirak etdiyi tədbiri Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev açaraq müasir informasiya cəmiyyəti quruculuğunda elmin, təhsilin əhəmiyyətindən danışıb, kitab müəlliflərinin işini yüksək qiymətləndirib. Bildirib ki, dərs vəsaitində həm dünya, həm yerli xəbər agentlikləri, həm də bu informasiya resurslarını birləşdirən beynəlxalq jurnalist təşkilatları, onların yaranması, fəaliyyəti və müasir dövründən bəhs edilir.

Kitabın rəyçisi, “APA Holding”in prezidenti Vüsalə Mahirqızı bildirib ki, universitetlərin Jurnalistika fakültələrinin tələbələri, müəllimlər, peşəkar jurnalistlər, media sahəsi üzrə araşdırma aparan mütəxəssislər üçün nəzərdə tutulan dərs vəsaitində Fransa, Rusiya, Almaniya, ABŞ, Böyük Britaniya, Türkiyə, İtaliya, İspaniya, Portuqaliya, Yaponiya, Çin, Hindistan və ərəb ölkələrinin informasiya agentlikləri tədqiq edilib, bununla yanaşı, Azərbaycan informasiya resurslarının fəaliyyəti araşdırılıb.

Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, İctimai Televiziyanın Yayım Şurasının üzvü Azər Həsrət, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı, Report.az saytının baş redaktoru Murad Əliyev çıxış edərək üç hissədən ibarət kitabın ilk bölməsində dünyanın xəbər axınını təmin edən əsas informasiya agentliklərinin, ikinci bölmədə Azərbaycanın ilk milli xəbər agentliyi olan AZƏRTAC-dan başlayaraq çağdaş dövrün bütün agentlikləri və xəbər portallarının, üçüncü bölmədə isə beynəlxalq jurnalist təşkilatlarının tədqiqata cəlb olunduğunu qeyd edib, Azərbaycanın dünya informasiya məkanına inteqrasiyası və beynəlxalq jurnalist təşkilatları ilə əməkdaşlığının təhlil olundugunu bildiriblər.

Jurnalistika fakültəsinin müəllimləri Allahverdi Məmmədov, Sevinc Əliyeva, Nəsir Əhmədli, Alxan Məmmədov, Sabir Məmmədov, İlham Mazanlı, Təranə Mahmudova, Akif Babayev çıxışlarında kitabın əhəmiyyətindən danışıb, onu yüksək qiymətləndiriblər.

Sonda çıxış edən müəlliflər tədbirdə iştiraklarına, çıxışlara və təkliflərinə görə qonaqlara təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, kitabın məsləhətçisi AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov, elmi redaktorları, professorlar – Cahangir Məmmədli, Nəsir Əhmədli, rəyçilər “APA Holding”in prezidenti Vüsalə Mahirqızı və siyasi elmləri doktoru Sabir Məmmədli, redaktorları isə Anzulə Cəfərova və Nərminə Əsədovadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti