...

Daha 6 rayonda “Vətən Bağı” yaradılıb (FOTO)

Cəmiyyət Materials 29 Noyabr 2022 10:32 (UTC +04:00)
Daha 6 rayonda “Vətən Bağı” yaradılıb (FOTO)

Bakı. Trend:

2021-ci ildən etibarən “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondu birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədilə ölkənin bir sıra rayonlarında “Vətən Bağı” layihəsini həyata keçirməyə başlayıb. Hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilir. Layihə həmçinin Azərbaycanın ekoloji mühitinə töhfə vermək məqsədini də daşıyır.

Bu dəfə ağacəkmə layihəsi PAŞA Holding-in dəstəyi ilə Masallı, Oğuz, Naftalan, Ucar, Göyçay və Goranboyda həyata keçirildi. Masallıda 250, Oğuzda 150, Naftalanda 50, Ucarda 200, Göyçayda 280, Goranboyda isə 350 ədəd olmaqla ümumilikdə 1280 ədəd sərv, şam və tuya ağacı əkilib. Ağacəkmə aksiyasında şəhid ailələri, rayon və şəhər ictimaiyyətinin nümayəndələri, qazilər, PAŞA Holding-in, Kapital Bank-ın və “Qırmızı Ürəklər” Fondunun əməkdaşları iştirak etdi. Aksiya Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli İcra Hakimiyyəti orqanının dəstəyi ilə keçirilib.

“Vətən Bağı” əsasən insanların sıx olduğu yerlərdə, parklarda və şəhərin mərkəzlərində təşkil olunur. Bununla da ölkə ərazisində “Vətən Bağ”larının sayı 23-ə çatıb və ağacəkmə mövsümü zamanı davam etdiriləcək. Əkilən ağaclara qulluq olunması, suvarlanması və digər lazımi tədbirlər yerli İcra Hakimiyyəti orqanları və “Qırmızı Ürəklər” Fondu tərəfindən həyata keçirilir.

“Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.

Xəbər lenti

Xəbər lenti