...

DİN əməliyyat keçirdi - 6 milyonluq narkotik dövriyyədən çıxarıldı (VİDEO)

Cəmiyyət Materials 26 Mart 2024 16:04 (UTC +04:00)
DİN əməliyyat keçirdi - 6 milyonluq narkotik dövriyyədən çıxarıldı (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları “NARKOTƏLƏ” şərti adı altında martın əvvəlindən bu günə kimi narkotiklərin dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 30-a yaxın əməliyyat keçirib.

Nazirlikdən Trend-ə bildirilib ki, nəticədə 28 nəfər və 2 mütəşəkkil dəstənin üzvü saxlanılıb.

Onlardan 13-ü ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas şəxslər olub.

Əməliyyatlarla “qara bazar”da dəyəri 6 milyon manat olan 157 kiloqram, o cümlədən, 91 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 42 kiloqram heroin, 17 kiloqram metamfetamin, 7 kiloqram tiryək, həmçinin, digər növdən olan narkotik vasitə, 12 min 211 ədəd psixotrop tərkibli metadon, tramadol, lirika həbi, 1 ədəd “Makarov” tapançası, 13 ədəd patron və 2 ədəd patron sandıqçası ələ keçirilib.

Saxlanılan şəxslərin qeyri-qanuni yollarla İrandan ölkəmizə gətirdikləri narkotikləri ölkə ərazisində satmaq üçün əldə etdikləri müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotiklərin dövriyyəsinə qarşı mübarizə qətiyyətlə davam etdirilir.

Xəbər lenti

Xəbər lenti