Bakı. Trend:
Azərbaycanda azsaylı xalqlar birlikdə mehriban şəkildə yaşayır.
Trend xəbər verir ki, bunu bu gün keçirilən “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusuna həsr edilmiş konfransda Dağ yəhudiləri icmasının sədri Milix Yevdayev deyib.
"Azərbaycanda azsaylı xalqlar birlikdə mehriban şəkildə yaşayır. 44 günlük Vətən müharibəsində xalqların bir yerdə olduğuna şahidlik etdik.
Azərbaycan xalqı ilə biz neçə əsrlərdir ki, qardaş kimi yaşayırıq. Biz burada çox xoşbəxtik. Azərbaycan dini müxtəlifliyin harmoniyasını yaradıb. Hazırda yəhudilər üçün dördmərtəbəli Dini-Mədəni Mərkəzi də Azərbaycanda tikilir. Bütün bunları Azərbaycanın necə multikultural ölkə olduğunu göstərir”,- deyə o qeyd edib.
Qeyd edək ki, dekabrın 23-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir.
Forumda dövlət qurumlarının rəsmi şəxsləri, ilahiyyatçı alim və mütəxəssislər, eləcə də respublikamızın müxtəlif regionlarından gələn fərqli konfessiyalara mənsub 100-dən çox din xadimi iştirak edir.
Forum dini təhdidlər haqqında cəmiyyətin məlumatlandırılması, dini maarifləndirmə prosesində din xadimlərinin rolunun artırılması, eyni zamanda, dini icmaların və din xadimlərinin fəaliyyəti, qarşılaşdıqları çətinliklər barədə rəy və təkliflərin öyrənilməsi məqsədi daşıyır.