...

Azərbaycanda işlə təmin olunma ilə bağlı yeni layihələr hazırlanır

İqtisadiyyat Materials 23 Dekabr 2024 13:29 (UTC +04:00)
Azərbaycanda işlə təmin olunma ilə bağlı yeni layihələr hazırlanır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda işlə təmin olunma ilə bağlı iki yeni sosial layihə hazırlanır ki, bunlardan biri məqsədli proqram, digəri isə kvota üzrə iş yerlərinin müəyyənləşdirilməsidir.

Trend xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə İş Adamları Birliyinin konfransıda deyib.

O bildirib ki, məqsədli proqramla bağlı qanunvericilik aktlarının yaxın bir zamanda qəbul ediləcəyi gözlənilir:

"Qəbul edildikdən sonra onun bütün təfərrüatı ictimaiyyətlə paylaşılacaq. Bu, iş tapmağa yardım edən bir platforma olacaq. Bu istiqamətdə müsabiqələr həyata keçiriləcək. Müsabiqələrdə minimum bəlli bir istiqamətdə fəaliyyəti olan, işçi sayını azaltmayan, ixtisarlara getməyən hər hansı bir vergi və ya digər ödənməmiş öhdəliyi qalmayan şirkətlər iştirak edə biləcəklər. Bu da vətəndaş və işəgötürənə ortaq şəkildə yönələn bir dəstək proqramı funksiyasını daşıyacaq".

"Digər bir sosial proqramımız isə kvota üzrə iş yerlərinin müəyyənləşdirilməsidir. Bu, xüsusilə həssas qrupu əhatə edəcək. Həssas qrupda olan insanlar dedikdə biz əlillər, şəhid ailəsi üzvləri, 20 yaşına qədər olan gənclər, tək övlad böyüdən valideynlər, 5-dən çox övlad böyüdən valideynlər, 18 yaşına qədər əlilliyi təyin olunmuş övlad böyüdən valideynləri nəzərdə tuturuq.

Bundan əlavə, cəzaçəkmə müəssisələrindən yeni azad edilmiş şəxslərin də əmək bazarına inteqrasiyasına da dəstək olmaq niyyətindəyik. Eyni zamanda, pensiya yaşına iki il və daha az müddət qalmış vətəndaşlarımız bu layihələrdən yararlanacaqlar", - deyə H.Abbasov qeyd edib.

Xəbər lenti

Xəbər lenti