Bakı. Trend:
Vakansiya bankı ölkədə formalaşan böyük bir platformadır. Son 11 ay ərzində Azərbaycanda 22 minə yaxın işəgötürən tərəfindən 600 minə qədər vakansiya məhz Vakansiya bankında yerləşdirilib.
Trend xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə İş Adamları Birliyinin konfransıda deyib.
O bildirib ki, bu, təkcə işəgötürən və işaxtaran, işsiz şəxsi bir yerdə cəmləşdirən platforma olmasından ziyadə, eyni zamanda, dövlətdəki əmək bazarının tələblərinin inkişaf tendensiyalarını da fluktaktivlərini müəyyənləşdirən datanın əldə edilməsinə də kifayət qədər faydalıdır.
H.Abbasov, həmçinin, Azərbaycanda keçirilən əmək yarmarkalarından da danışıb.
Onun sözlərinə görə, 2024-cü il ərzində Azərbaycanda 144 əmək yarmarkası keçirilib:
"İki mindən çox işəgötürən bu yarmarkalarda iştirak edib. Altı əmək yarmarkası, çox sevindirici və qürurverici haldır ki, işğaldan azad edilmiş ərazilərdə təşkil olunub".
Qeyd edək ki, Bakıda Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının əsas istiqamətlərindən biri kimi” mövzusunda konfrans keçirilir.
Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Nərmin Mirzəyeva, Milli Məclisin bir neçə deputatı, eləcə də, Azərbaycan və Türkiyənin bir sıra iş adamları iştirak edirlər.
Konfransın ardından ATİB İdarə Heyətinin İllik Ümumi Yığıncağının keçirilməsi nəzərdə tutulur.