Bakı. Trend:
Qazaxıstan 2025-ci ildə Azərbaycanda Ələt Limanında yeni terminal tikməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev parlamentdə çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, Qazaxıstan Ələt Limanında, Moskva yaxınlığındakı Selyatino qəsəbəsində, Belarusun Svisloç stansiyasında və Daşkənddə terminal tikintisini də nəzərdən keçirir. Bu obyektlərin tikintisinə gələn il başlanacaq. Yeni terminalların ümumi gücü ildə 1,2 milyon konteyner təşkil edəcək.
"Gələcəkdə Rumıniyanın Konstansa, Macarıstanın Budapeşt və Çinin Urumçi şəhərlərində birgə terminalların yaradılması planlaşdırılır. Nəticədə, xarici terminalların gücü beş dəfə artacaq ki, bu da əsas yük axını formalaşdıran ölkələrdən yüklərin Qazaxıstanın nəqliyyat dəhlizlərinə cəlb edilməsinə imkan verəcək", – deyə nazir vurğulayıb.
Nazir əlavə edib ki, hazırda Lianyungang limanında və Sian quru limanında Qazaxıstan-Çin terminalları fəaliyyət göstərir. Həmçinin, Gürcüstanın Poti limanında gücü ildə 500 min konteyner olan qazaxıstanlı sahibkara məxsus terminal fəaliyyət göstərir.
Qeyd edək ki, bu gün Qazaxıstan parlamentində keçirilən iclasda Marat Karabayev çıxışı zamanı əlavə edib ki, hazırda Kurık-Ələt marşrutu üzrə yalnız Azərbaycan bərələri fəaliyyət göstərir. Bunun səbəbi Qazaxıstan donanmasının çatışmazlığıdır.