Bakı. Trend:
bp Azərbaycanın “Qarabağ” və “Əşrəfi-Dan Ulduzu–Aypara” (ADUA) yataqlarının işlənməsində iştirakının bu iki layihə çərçivəsində beynəlxalq standartların tətbiqi üçün imkan yaradacağına ümid edir.
Bu barədə Trend-ə “bp Azerbaijan” şirkətindən bildirilib.
Sentyabrın 20-də Bakıda bp və SOCAR arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.
Memorandumda bp "Qarabağ" neft yatağı və ADUA yataqlar blokunun işlənməsi üzrə sazişlərə qoşulmaq niyyətini ifadə edib.
bp qeyd edib ki, şirkət SOCAR ilə "Qarabağ" və ADUA yataqlarının kəşfiyyatı və işlənməsi üzrə iştirakını müzakirə etmək məqsədilə memorandum imzalayıb.
"Biz bunu SOCAR ilə 30 illik uğurlu tərəfdaşlığımızı tamamlayan növbəti əla əməkdaşlıq imkanı kimi görürük. İnanırıq ki, bu iki blokun kəşfiyyatı və işlənməsində iştirakımız birgə iş zamanı yaranacaq sinerji vasitəsilə layihələrin irəliləməsini sürətləndirəcək. Biz regionda mövcud olan dünya səviyyəli dəniz aktivləri və infrastrukturdan maksimum səmərəli istifadə etməyə imkan verən işlənmə ssenarilərini müəyyən etməyə çalışırıq.
Ümid edirik ki, iştirakımız bu iki layihəyə beynəlxalq standartların tətbiqi üçün imkan yaradacaq və onları bp-nin qlobal təcrübəsi, texniki və kommersiya bilikləri, qabaqcıl texnologiyalar və maliyyə resursları ilə birləşdirəcək. SOCAR-ın dəstəyi ilə bu əhəmiyyətli biznes imkanını həyata keçirməyi səbirsizliklə gözləyirik", – deyə şirkətdən bildirilib.
bp hər iki layihəni çox perspektivli hesab edir.
"Memorandum Azərbaycan Neftçiləri Günü ilə üst-üstə düşən AÇG-nin 30 illiyi münasibətilə imzalanıb. Bu rəmzi an Azərbaycanın karbohidrogen resurslarının əhəmiyyətli potensialını vurğulayır və bu resursların hələ onilliklər boyunca ölkəyə fayda verəcəyini göstərir", – şirkət bildirib.
Qeyd edək ki, “Qarabağ” yatağının işlənməsi üzrə risk xidmətləri müqaviləsi 2018-ci ildə imzalanıb və Azərbaycanın Milli Məclisi tərəfindən ratifikasiya edilib. Hazırda SOCAR bu müqavilə çərçivəsində 100 faiz paya malikdir.
“Əşrəfi-Dan Ulduzu-Aypara” (ADUA) yatağı Bakıdan 90-110 kilometr şimal-şərqdə, 80-180 metr dərinlikdə yerləşir. Bu, mövcud və perspektiv strukturları əhatə edir. ADUA bloku üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü sazişi də 2018-ci ildə imzalanıb və parlament tərəfindən ratifikasiya edilib. Hazırda SOCAR bu saziş çərçivəsində 100 faiz paya sahibdir.
X: @Lyaman_Zeyn