...

Bakıda Azərbaycan-Türkiyə İş Adamları Birliyinin konfransı keçirilib (ƏLAVƏ EDİLİB)

İqtisadiyyat Materials 23 Dekabr 2024 10:08 (UTC +04:00)
Bakıda Azərbaycan-Türkiyə İş Adamları Birliyinin konfransı keçirilib (ƏLAVƏ EDİLİB)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının əsas istiqamətlərindən biri kimi” mövzusunda konfrans keçirilib.

Trend xəbər verir ki, tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Nərmin Mirzəyeva, Milli Məclisin bir neçə deputatı, eləcə də, Azərbaycan və Türkiyənin bir sıra iş adamları iştirak ediblər.

Konfransın ardından ATİB İdarə Heyətinin İllik Ümumi Yığıncağı keçirilib.

Qeyd edək ki, Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) iki qardaş ölkənin nümayəndələri olan üzvlərinin iqtisadi və sosial sahədə həyata keçirilmiş islahatlar, müvafiq qanunvericilik aktlarında dəyişikliklər barədə məlumatlılığını artırmaq, habelə onların fəaliyyətinə ölkənin inkişaf prioritetlərinə uyğun dəstək vermək məqsədilə vaxtaşırı müxtəlif mövzularda tədbirlər həyata keçirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov bildirib ki, vakansiya bankı ölkədə formalaşan böyük bir platformadır. Son 11 ay ərzində Azərbaycanda 22 minə yaxın işəgötürən tərəfindən 600 minə qədər vakansiya məhz Vakansiya bankında yerləşdirilib.

O bildirib ki, bu, təkcə işəgötürən və işaxtaran, işsiz şəxsi bir yerdə cəmləşdirən platforma olmasından ziyadə, eyni zamanda, dövlətdəki əmək bazarının tələblərinin inkişaf tendensiyalarını da fluktaktivlərini müəyyənləşdirən datanın əldə edilməsinə də kifayət qədər faydalıdır.

H.Abbasov, həmçinin, Azərbaycanda keçirilən əmək yarmarkalarından da danışıb.

Onun sözlərinə görə, 2024-cü il ərzində Azərbaycanda 144 əmək yarmarkası keçirilib:

"İki mindən çox işəgötürən bu yarmarkalarda iştirak edib. Altı əmək yarmarkası, çox sevindirici və qürurverici haldır ki, işğaldan azad edilmiş ərazilərdə təşkil olunub".

Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Nərmin Mirzəyeva bildirib ki, avqust ayında qüvvəyə minən qanunvericiliyə əsasən, artıq əmək münasibətləri tam elektronlaşıb.

"Artıq işçi və işəgötürən arasında əmək müqavilələri elektron formada bağlanılır", - o bildirib.

Onun sözlərinə görə, əmək qanunvericiliyindəki son dəyişikliklərə əsasən, əgər qadınların əməyinin qadağan olunduğu sahələrin, vəzifələrin sayı təxminən 700-ə yaxın idisə, son dəyişikliklərdən sonra hamilə və bir yaşına çatmamış uşağı olan qadınlar üçün bu, 200-dən bir az çox saya gəlib çıxdı.

O bildirib ki, dayanıqlı inkişafın məqsədlərindən biri də gender bərabərliyinə nail olmaq, qadınların, qızların hüquq və imkanlarını genişləndirməkdən ibarətdir:

"Bu istiqamətdə əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər mühüm məna kəsb edir. Əmək qanunvericiliyindəki son dəyişikliklər qadınların əməyinin qadağan olunduğu iş yerləri məhdudiyyətini aradan qaldırdı. Bunun əvəzinə analığın mühafizəsi məqsədilə hamilə və bir yaşına qədər uşağı olan qadınların həmin müddətdə işləməsinin qadağan olunduğu müvafiq peşələrin, vəzifə və iş yerlərinin siyahısını müəyyən etdi. Bunun nəticəsində əgər qadınların əməyinin qadağan olunduğu sahələrin, vəzifələrin sayı təxminən 700-ə yaxın idisə, son dəyişikliklərdən sonra hamilə və bir yaşına çatmamış uşağı olan qadınlar üçün bu, 200-dən bir az çox saya gəlib çıxdı.

Bunların nəticəsidir ki, Dünya Bankının reytinqində Azərbaycan Respublikasının indeksi 7% artaraq 85-ə gəlib çatdı".

"Gender bərabərliyinin təmini üçün hazırda digər qanunvericilik layihələri də müzakirədədir. Bunlardan biri seksual qısnamanın qarşısının alınması ilə bağlı olan tədbirlərdir. Eyni zamanda, bərabər əməyə görə qadın və kişilərin əmək haqlarının bərabər olması ilə bağlı hazırda müzakirədə olan qanunvericilik layihələrini də xüsusilə qeyd etmək istərdim", - deyə N.Mirzəyeva qeyd edib.

Konfrans öz işini başa vurub.

Xəbər lenti

Xəbər lenti