Bakı. Trend:
Azərbaycan Diasporuna Dəstək Fondu, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Qardaşlaşmış Qarabağ Məktəbləri” V Qış Düşərgəsinə start verilib.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu il düşərgə Azərbaycanın qəhrəman şəhidlərinin uşaqlarının və Moldovada yaşayan soydaşlarımızın övladlarının iştirakı ilə keçirilir. Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev düşərgə iştirakçılarını salamlayıb və artıq ənənə halını alan bu layihənin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra çıxış edən "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova layihənin gerçəkləşdirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib və bütün düşərgə iştirakçılarına uğurlar arzulayıb.
Layihənin ideya müəllifi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov isə dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın övladlarını birləşdirən bu düşərgənin artıq 5-ci dəfə keçirilməsindən böyük sevinc və qürur hissi duyduğunu bildirib. Çıxışlarda layihənin gələcəkdə də eyni axarda davam edərək dünya azərbaycanlılarının həmrəyliyinə töhfə verəcəyinə ümid ifadə olunub.
Qeyd edək ki, 20-27 dekabr 2024-cü il tarixində baş tutan düşərgəyə Azərbaycandan şəhid uşaqları və Moldovadan soydaşlarımızın övladları daxil olmaqla 12-15 yaş arası 20 məktəbli qatılıb. Düşərgə ərzində iştirakçılara müxtəlif istiqamətli peşəkar təlimlər keçiriləcək, həmçinin Bakı şəhərinin tarixi-turistik məkanlarına ekskursiyalar təşkil olunacaq.