Bakı. Trend:
Dekabrın 23-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir.
Trend xəbər verir ki, Forumda dövlət qurumlarının rəsmi şəxsləri, ilahiyyatçı alim və mütəxəssislər, eləcə də respublikamızın müxtəlif regionlarından gələn fərqli konfessiyalara mənsub 100-dən çox din xadimi iştirak edir.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Forumun iştirakçılarına müraciətini oxuyub.
Tədbirdə Azərbaycan Respublikası ərazisindəki dini ibadət yerləri, ziyarətgahlar, qəbiristanlıqlar, ixtisaslaşdırılmış satış məntəqələri, ölkədə fəaliyyət göstərən din xadimləri haqqında informasiya bazasının sistemləşdirilmiş formada toplandığı vahid elektron xidmətlər portalı olan AMİN (Azerbaijan Multicultural Information Network) layihəsinin videotəqdimatı keçirilib.
Forum dini təhdidlər haqqında cəmiyyətin məlumatlandırılması, dini maarifləndirmə prosesində din xadimlərinin rolunun artırılması, eyni zamanda, dini icmaların və din xadimlərinin fəaliyyəti, qarşılaşdıqları çətinliklər barədə rəy və təkliflərin öyrənilməsi məqsədi daşıyır.
Tədbir çərçivəsində, həmçinin “Qərbi Azərbaycan: xəritələr, eksponatlar, abidələr, deportasiya” mövzusuna həsr olunan fotosərgi nümayiş etdirilir.
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib ki, Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multikulturalizmi ilə örnək göstərilir.
O qeyd edib ki, ölkəmiz tolerantlığın mərkəzidir.
“Din qüdrətli amildir. Bu qüdrətdən düzgün istifadə edilməlidir. Bu mənada dini maarifləndirmənin əhəmiyyəti şübhə doğurmur.
Azərbaycanda sovet hökuməti illərində ateizm təbliğ olunurdu. Lakin ölkəmiz müstəqil olduqdan sonra cəmiyyətimizdə dini baxışlara münasibət dəyişdi”, - o bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib ki, AMİN elektron xidmətlər və informasiya sistemləri portalı təqdim edilib.
O bildirib ki, Azərbaycan müxtəlif etnik və dini icmaların birgə yaşadığı, ortaq dəyərləri bölüşdüyü, sivilizasiyalar arasında mənəvi körpü rolu oynayan unikal məkandır.
"İşğaldan qurtarılmış ərazilərimizə həyat yenidən qayıdır, dini abidələrimiz öz tarixi simasına qovuşur. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Qarabağ və Şərqi Zəngəzurda tarixi və mədəniyyət abidələrinin bərpası işləri uğurla həyata keçirilir. Ağdam Cümə məscidi, Zəngilan məscidi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Mamayı, Təzə məhəllə, Saatlı məscidləri bərpadan sonra istifadəyə verilib. Bir neçə şəhər və rayonda məscidlərin tikinti və bərpası, kilsələrin restavrasiyası davam etdirilir.
Prezident İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, tolerantlıq, multikulturalizm, inanclara hörmət bizim həyat tərzimizdir. Yüksək mənəvi keyfiyyətlərə malik xalqımız başqalarının dəyərlərinə, adət-ənənələrinə, irsinə hörmətlə yanaşmağın alternativini sadəcə təsəvvür etmir. Azərbaycanlıların təfəkküründə, tarixi yaddaşında digər xalq və inanclara dözümsüzlük təcrübəsi yoxdur. Bizim üçün etnik və dini müxtəliflik ayırıcı xətt deyil, birləşdirici, qarşılıqlı dialoqu təşviq edən faktordur. Biz sabit, təhlükəsiz və inkişaf edən bir cəmiyyətdə yaşayırıq. Dini və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarını qucaqlayan, təhlükələrdən mühafizə edən güclü dövlətimiz var.
Az öncə təqdim olunan AMİN (Azerbaijan Multicultural Information Network) elektron xidmətlər və informasiya sistemləri portalının əsas məqsədlərindən biri də dini maarifləndirmə işini daha mükəmməl səviyyədə təşkil etməkdir. İnanırıq ki, bu portal Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən göstərilən xidmətlərin əlçatanlığını və şəffaflığını təmin etməyə imkan yaradacaq. Eyni zamanda portalın təqdim etdiyi informasiya sistemləri Azərbaycan multikulturalizminin unikal mənzərəsini nümayiş etdirəcək.
Əminəm ki, forumun gedişində din xadimlərinin, dövlət rəsmilərinin, elm adamlarının və ictimaiyyət nümayəndələrinin təkliflərini dinləyəcək, maraqlı debatlara şahid olacağıq. Çıxışlar, panel müzakirələri Azərbaycan dövlətinin dini sahədə siyasətinin əsas istiqamətləri, aktual məsələləri barədə aydın təsəvvür yaradacaq. Eyni zamanda ölkədə dini durumla bağlı mövcud vəziyyət və problemlər, təhdid və çağırışlar, qanunvericilik bazası haqqında səmərəli rəy və təkliflərin öyrənilməsinə imkan verəcək”,- deyə sədr çıxışında qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib ki, mühüm məqamlardan biri din xadimlərimizin ruhani zümrə olaraq cəmiyyətdə nüfuzunun daha da artırılmasıdır ki, bu məsələdə vahid geyim formasının tətbiqi xüsusi önəm kəsb edir. Dini mərkəz olaraq illər öncə milli xüsusiyyət və tarixi ənənələrimizi ehtiva edən geyim forması işləyib hazırlamış və tətbiq etmişdik.
"Vahid ruhani formasının qəbulunda məqsəd – hər bir uniforma daşıyan peşə sahibləri kimi din xadimlərinin də cəmiyyət içərisində şəxsi məsuliyyətinin artırılması və ictimai nüfuzunun təmin edilməsidir. Təəssüflər olsun ki, bəzi din xadimlərinin bu qaydaya riayət etməməsi, xarici görünüşlərinə laqeyd yanaşması, vahid geyim formasına əməl olunmaması cəmiyyət tərəfindən birmənalı qarşılanmır”, - deyə sədr qeyd edib.
Xəbər yenilənəcək