Bakı. Trend:
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Milad bayramında münaqişə zonalarında atəşkəsə çağırıb.
Trend xəbər verir ki, Fransisk ənənəvi “Angelus” duası zamanı Milad bayramı münasibətilə müharibə bölgələrində yaşayan dinc insanlara təsir edən münaqişələrin sona çatması üçün atəşkəs çağırışı edib. O, qeyd edib: “Qoy silahlar sussun və Milad mahnıları səslənsin! Milad bayramında bütün müharibə cəbhələrində, Ukraynada, Müqəddəs Torpaqda, Yaxın Şərqdə və bütün dünyada atəşkəs üçün dua edək”.
Papa Fransisk müharibə və zorakılıqdan əziyyət çəkənlərə dua etməyə çağırıb, xüsusilə münaqişə zonalarında günahsız azyaşlı uşaqların məruz qaldığı qəddarlığı pisləyib.
Qeyd edək ki, Papa Fransisk soyuqdəymə səbəbindən "Angelus" duasını Müqəddəs Pyotr meydanına baxan pəncərədən deyil, ofisində kameralar qarşısında oxuyub.