Bakı. Trend:
Böyük Britaniya ordusunda yayda tətbiq edilən 6 faizlik əməkhaqqı artımına baxmayaraq, hərbçilərin kütləvi şəkildə ordudan ayrılma prosesi davam edir.
Trend xəbər verir ki, son bir il ərzində, oktyabr ayına qədər, silahlı qüvvələrdən 15 min 119 nəfər çıxıb. Onlardan 7778 nəfəri öz istəyi ilə ordudan ayrılan hərbçilər olub. Bu müddət ərzində orduya cəlb edilən yeni şəxslərin sayı isə 12 mindən bir qədər çox olub ki, bu da ümumi şəxsi heyətin azalmasına səbəb olub.
Hazırda Böyük Britaniyada hər min nəfərə cəmi iki hərbçi düşür. Bu rəqəm tarixdə qeydə alınan ən aşağı göstəricidir. Hökumət hərbi personalın ordudan ayrılmasının qarşısını almaq məqsədilə iyul ayında son 22 ilin ən böyük maaş artımını tətbiq edib, əlavə ödənişlər təklif edib. Lakin bu tədbirlər istənilən nəticəni verməyib.
Məlumatlara görə, sıravi əsgərlərin real əməkhaqları 2011-ci ildən bu yana cəmi 1.9 faiz artıb. Müqayisə üçün, bu göstərici gənc həkimlər üçün 13.39 faiz, qatar maşinistləri üçün isə 10.14 faiz təşkil edir. Yeni qoşulan əsgərlər isə hələ də ölkədə ən aşağı maaş alan dövlət qulluqçuları sırasında yer alır.