Bakı. Trend:
Braziliyanın cənubundakı Rio-Qrande-du-Sul ştatında yerləşən Kanela hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra kiçik şəxsi təyyarə qəzaya uğrayıb.
Trend-in məlumatına görə, bu barədə ştatın qubernatoru Eduardo Leyti açıqlama verib. İlkin məlumata əsasən, təyyarədə olan 10 sərnişindən heç kim sağ qalmayıb.
“G1” portalı bildirir ki, təyyarə Braziliyanın cənub-şərqində yerləşən San-Paulu ştatına uçmalı idi. Lakin uçuş zamanı təyyarə mebel mağazası və otellərin yerləşdiyi binaya çırpılıb, nəticədə qəzadan sonra yanğın baş verib.
Hadisə zamanı hoteldə olan 15 nəfər xəsarət alıb və onlar xəstəxanaya yerləşdirilib. Təyyarənin yerli biznesmen Luis Klaudio Salgeyro Qaleaziyə məxsus olduğu bildirilir. Lakin onun sərnişinlər arasında olub-olmadığı hələlik müəyyən edilməyib.