Bakı. Trend:
Azərbaycanın gələcəyin texnologiyaları və sahələrinə birbaşa xarici investisiyalar cəlb edə bilməsi üçün hər cür imkanı var.
Trend xəbər verir ki, bunu amerikalı iqtisadçı, “Roubini Macro Associates” şirkətinin baş direktoru Nuriel Rubini Bakıda keçirilən Birinci Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsinə xüsusi önəm verir. Ölkədə yeni texnologiyaların bu prosesdə mühüm rol oynaya biləcəyi çoxsaylı istiqamətlər mövcuddur.
Amerikalı iqtisadçı qeyd edib ki, karbohidrogenlərin hasilatı və istifadəsinin effektivliyini artırmaq üçün texnoloji həllər tətbiq oluna bilər. Bundan başqa, onun sözlərinə görə, Azərbaycan ötən il COP29-a ev sahibliyi etməklə “yaşıl keçid” sahəsində öz üzərinə ciddi öhdəliklər götürüb və məhz yaşıl texnologiyalar bu sahədə həlledici rol oynayacaq.
Maliyyə inklüzivliyinin inkişafı və maliyyə xidmətlərinin göstərilməsinin səmərəliliyinin artırılması xüsusi əhəmiyyət kəsb edir.
“Əlbəttə, dövlət müəssisələrinin səmərəliliyini artırmaq və gələcək artımın daha çox özəl sektor və yeni texnologiyalar hesabına təmin olunmasına nail olmaq vacibdir”, - deyə Rubini qeyd edib.
O həmçinin bildirib ki, gələcəkdə Mərkəzi və Şərqi Asiyadan Yaxın Şərqə, Qafqaz regionuna, Avropaya və dünyanın digər bölgələrinə ticarətin həcmləri artacaq. Bununla yanaşı, nəqliyyat və logistika getdikcə daha texnoloji olacaq.