Bakı. Trend:
Bu gün biz Azərbaycanda çox böyük duzsuzlaşdırma zavodu üzrə saziş imzaladıq. Bu, regionda ilkdir. "ACWA Power" dünyada ən böyük duzsuzlaşdırma şirkətidir, buna görə də bu, növbəti 25 il üçün dövlət-özəl tərəfdaşlığı (PPP) çərçivəsində həyata keçiriləcək.
Bunu Trend-ə açıqlamasında "ACWA Power" şirkətinin Baş direktoru Marko Arçelli Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, burada söhbət yalnız zavodun tikilməsindən getmir, həm də texnologiyanın, ideyaların gətirilməsindən və gələcəkdə fasiləsiz əməliyyat və texnoloji təkmilləşdirmələrdən gedir: "Artıq biz bərpa olunan enerjiyə də sərmayə qoyuruq. İlin sonuna qədər istifadəyə veriləcək 240 meqavatlıq "Xızı–Abşeron" Külək Elektrik Stansiyasını tikirik. Ümumilikdə, ölkəyə 750 milyon dollarlıq investisiya yatırılması reallaşacaq ki, bu da iqtisadiyyatı daha rəqabətqabiliyyətli, daha dayanıqlı etməyə və onu neft-qaz asılılığından şaxələndirməyə, turizmdən sənayeyə və digər xidmət sahələrinə qədər dünyanın müxtəlif yerlərindən yeni sahələri cəlb etməyə kömək edəcək".
O xatırladıb ki, "ACWA Power" Azərbayacan Energetika Nazirliyi ilə birlikdə Xəzər dənizinin şelfində, həmçinin SOCAR və Masdar ilə əməkdaşlıq edir: "Yəni bu, böyük bir konsorsiumdur, güclü şirkətlərin koalisiyasıdır. Bundan əlavə, Naxçıvanda da bərpa olunan enerji layihələri inkişaf etdiririk ki, onlar yalnız Azərbaycanın daxili tələbatı üçün deyil, eyni zamanda böyük ehtiyacı olan Avropaya ixrac üçün də istifadə oluna bilsin. Biz hesab edirik ki, bu, rəqabətqabiliyyətli olacaq və bunun baş tutması üçün çox çalışırıq".
"Hazırda bu barədə yekun qərar yoxdur, amma Azərbaycanın energetika naziri ilə müzakirə edəcəyik", - deyə ACWA Power" rəhbəri vurğulayıb.