Bakı. Trend:
Serbiya və Azərbaycanın Orta Dəhliz çərçivəsində əməkdaşlıq imkanı var.
Trend xəbər verir ki, bunu Serbiyanın daxili və xarici ticarət naziri Yaqoda Lazareviç Bakıda keçirilən Birinci Beynəlxalq İnvestisiya Forumu çərçivəsində jurnalistlərə verdiyi açıqlamada bildirib.
“Hər iki ölkə “Bir kəmər, bir yol” təşəbbüsündə fəal şəkildə iştirak edirlər. Asiya və Uzaq Şərqi Avropa ilə birləşdirən yollar hər birimiz üçün vacibdir. Serbiya və Azərbaycan üçün bu bütün Asiyanı ehtiva edən, Azərbaycandan keçən və Serbiyanın yerləşdiyi Avropaya aparan Orta Dəhliz çərçivəsində əməkdaşlıq qurmaq üçün daha bir şansdır. Bu əla siyasi əlaqələri və iqtisadi əməkdaşlıq səviyyəsi olan ölkələrimizi bir-birinə yaxınlaşdıran daha bir önəmli faktordur.”, -deyə nazir bildirib.
Onun sözlərinə görə, ölkələrin iqtisadi , o cümlədən ticarət sahəsində əməkdaşlığı üçün çoxlu istiqamətləri mövcuddur.
“Əlbəttə, biz müvafiq göstəricilərin artımını görmək istərdik. Hazırda biz enerji sektorunda, kənd təsərrüfatında, yeni texnologiyalarda və müdafiə sənayesində əməkdaşlıq edirik. Bununla yanaşı, ticarət də artıq artım nümayiş etdirir. Əla siyasi münasibətlər eyni dərəcədə inkişaf etmiş iqtisadi əməkdaşlıqla tamamlanır. Doğrudan da, parlaq gələcəyimiz var və statistik məlumatlar bunun sübutudur”,- deyə Lazareviç əlavə edib.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.