Bakı. Trend:
Azərbaycan Prezidentinin imzaladığı Fərmana uyğun olaraq Nazirlər Kabineti valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman 2600 manat birdəfəlik müavinətin ödənilməsi qaydalarını təsdiq edib.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, yeni qaydalara əsasən, həmin vətəndaşlarımız təhsil pillərini başa vuran zaman dövlət büdcəsindən maliyyə dəstəyi əldə edəcəklər:
"Qeyd edək ki, əvvəllər həmin şəxslər mövsümi paltar və
ayaqqabı, habelə ölkə üzrə orta əmək haqqının 2 mislindən az
olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurdular. Son
Fərmanla müavinət məbləğində artımlar həyata keçirilməklə yanaşı,
həmçinin vəsait də dəqiqləşdirilir.
Bu müavinətin ödənilməsində məqsəd valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum olmuş uşaqlarln, habelə onların
arasından olan şəxslərin sosial təminatını daha
gücləndirməkdir".
Millət vəkilinin sözlərinə görə, vəsaiti necə almağa gəldikdə isə bu müavinət hər bir təhsil müəssisənin büdcəsinə daxil edilir.
"Bu o deməkdir ki, həmin vətəndaşlarımız təhsillərini başa vuran zaman həmin müəssisəyə müraciət etməklə bu müavinəti ala bilərlər. Məsələn, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər peşə təhsili müəssisəni və ya universiteti təhsil alırsa, təhsilini başa vuran zaman yerində müraciət edərək həmin pulu ala bilirlər. Bu proses qısa müddət tələb edir və bir neçə gün ərzində müavinətin əldə edilməsi mümkündür",- deputat əlavə edib.