Bakı. Trend:
Qara dəniz sualtı kabel layihəsi enerji təhlükəsizliyini, Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa arasında rəqəmsal əlaqəliliyi və inteqrasiyanı gücləndirəcək.
Trend xəbər verir ki, bu barədə Dünya bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışında danışıb.
“Bu təşəbbüs Cənubi Qafqaz və Avropa İttifaqının elektrik və rəqəmsal bazarlarını Gürcüstan və Rumıniyada çıxış nöqtələri ilə birləşdirəcək. Potensial böyükdür və region inteqrasiyasına daha çox diqqət yetirildikcə, Cənubi Qafqazın digər ölkələri də bundan fayda götürə biləcək”, -deyə o bildirib.
R.Praysın sözlərinə görə, Cənubi Qafqaz və Mərkəzi Asiya sadəcə tranzit marşrutları deyil, inkişaf edən tərəqqi, innovasiya və regionlararası əməkdaşlıq mərkəzləridir.
“Orta dəhliz kimi strateji marşrutlara investisiya qoymaq və Qara dəniz imkanlarından istifadə etməklə, region dayanıqlı çoxqütblü dünya nizamının formalaşmasında əsas rol oynaya bilər”,- deyə bank nümayəndəsi vurğulayıb.