Bakı. Trend:
Məişət tullantılarını emal edərək elektrik enerjisi istehsalı istiqamətində Çində artıq 70-dən çox zavod tikilib. Bundan başqa, Orta Asiyada, məsələn, Özbəkistanda da bu tipli 5 zavod inşa olunması barədə razılıq əldə olunub.
Bunu Trend-ə açıqlamasında Çin Xaricdə İnkişaf Assosiasiyasının Biznesin İnkişafı Departamenti Layihə meneceri Simenq Vanq Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, Çin şirkətlərinin xarici emissiyalarla əməkdaşlıq funksiyası bugünkü forumun formatı ilə üst-üstə düşür: "Bu, Azərbaycan İnvestisiya Forumunun ilk sessiyasıdır. Bizim funksiyalarımız da məhz bu məqamda üst-üstə düşür və ona görə də bu dəfə iştirak edirik.
Forumdan əlavə, bəzi şirkətləri və zavodları da ziyarət edəcəyik ki, yeni imkanlar tapa bilək. Məişət tullantılarını emal edərək elektrik enerjisi istehsalı istiqamətində Çində artıq 70-dən çox zavod tikilib. Bundan başqa, Orta Asiyada, məsələn, Özbəkistanda da bu tipli 5 zavod inşa olunması barədə razılıq əldə olunub. İndi də Azərbaycanda belə zavodlar qurmaq üçün investisiya imkanları axtarırıq. Yəni tullantıların təkrar emalı və onlardan enerji istehsalı mövzusuna böyük maraq var".
Assosiasiyası rəsmisi qeyd edib ki, bundan başqa, günəş və digər alternativ enerji sahələri üzrə də böyük maraq var: "Buraya yalnız günəş enerjisi deyil, həm də aerotransport, elektrik avadanlıqları, transformator istehsalı və digər istiqamətlər daxildir. Çin şirkətləri indi yaxşı tərəfdaş tapmaq istəyirlər. Azərbaycan hökuməti də əlverişli investisiya mühiti təqdim edə bilər. Əgər belə şərait olsa, bir çox problemlər həll olunar.
Bundan əlavə, çinli sahibkarların nəqliyyat və logistika sahəsinə də böyük marağı var. Çünki Azərbaycan coğrafi baxımdan ideal məkandadır. Xəzər dənizi vasitəsilə Çin ilə Avropa arasında çox yaxşı əlaqə qurmaq mümkündür. Hazırda yeni bir marşrut formalaşır – Çinlə Avropa arasında Xəzər dənizi üzərindən keçən yol. Bu isə Transxəzər Nəqliyyat Dəhlizi adlanır və çox vacib layihədir. Mən hesab edirəm ki, bu, yeni imkanların açılması baxımından çox mühüm addımdır. Çin şirkətləri də məhz belə fürsətləri axtarır.
Əvvəllər biz yalnız Azərbaycanın neft potensialını bilirdik. Amma indi gördük ki, burada böyük sənaye müəssisələri də var və Çində bu cür məhsullara böyük tələbat mövcuddur. Buna görə də bir çox şirkətlər xaricdə investisiya etmək, yeni bazarlar tapmaq istəyirlər. Mən hesab edirəm ki, Bakı bu baxımdan yeni və çox yaxşı bazardır. Çindən investorların cəlb olunması çox vacibdir".
"Biz buradan əsas mesaj vermək istəyirik ki, Azərbaycanda belə forumlar davamlı keçirilməlidir. Bu gün ilk sessiyadır, amma çox önəmlidir. Xarici investorların iştirakı, onların məlumat alması və hökumətlə birbaşa əlaqə qurması üçün belə platformalar çox gərəklidir. Buna görə də bu forumların hər il yüksək səviyyədə keçirilməsi vacibdir.
Xarici investorlar bu tədbirlər vasitəsilə hansı sahələrə sərmayə qoymağın lazım olduğunu öyrənirlər. Onlar həmçinin Bakıda hansı imkanlar olduğunu, buradan necə yaxşı gəlir və əməkdaşlıq əldə edə biləcəklərini görürlər", - deyə Simenq Vanq qeyd edib.