Bakı. Trend:
Bu gün Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa işləri həyata keçirir. Həmin ərazilərdə 12 şəhərin baş planı hazırlanıb, onlardan 8-i artıq müasir şəhərsalma və ekoloji prinsiplərlə tamamlanıb, 90 kənd və qəsəbə planlaşdırılıb.
Trend xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.
Onun sözlərinə görə, indiyədək 28 yaşayış məntəqəsinə, o cümlədən 6 şəhərə keçmiş məcburi köçkünlər geri qayıdıb. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır:
"Son 4 ildə üç beynəlxalq hava limanı, 4 min kilometr yol və avtomagistral, yeni dəmir yolu infrastrukturu, yaşayış binaları, səhiyyə müəssisələri və təhsil ocaqları inşa olunub.
Azad edilmiş ərazilərin böyük bərpa olunan enerji potensialı var və bu ərazilər rəsmi olaraq “Yaşıl Enerji Zonası” elan edilib. Son dörd il ərzində 38 su elektrik stansiyası istismara verilib, nəticədə 620 min ton karbon emissiyasının qarşısı alınıb; günəş və külək enerjisi layihələri də inkişaf etdirilir.
Bu yalnız bərpa deyil, müasir şəhərsalma və ekoloji prinsiplərlə bütün regionların yenidən təsəvvür olunması, çoxsaylı sahələrdə özəl investisiyalar üçün yeni imkanların yaradılmasıdır".
"Şübhəsiz ki, bu transformasiyaların heç biri özəl sektorun etibarlı, vizioner və bacarıqlı tərəfdaşları olmadan uğurla həyata keçirilə bilməz. Biz dövlət-özəl tərəfdaşlığının yüksək keyfiyyətli və dayanıqlı şəhər inkişafının açarı olduğuna qəti inanırıq", - sədr əlavə edib.