Bakı. Trend:
Səhiyyə Naziriliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin loqopedi Gülnar Hacızadə müsahibə verib.
Trend müsahbəni təqdim edir:
- Gülnar xanım, ilk öncə bilmək istərdik ki, dislaliya nədir?
- Dislaliya mərkəzi sinir sisteminin və ya eşitmə orqanlarının zədələnməsi ilə əlaqədar olmayan nitq səslərinin tələffüz pozuntusudur. Nitq 5 yaşına kimi formalaşır, amma bəzi uşaqlarda səs tələffüzü qüsurları qalmaqda davam edir.
- Dislaliyanın mənşəyinə görə neçə növü var?
- Dislaliya mənşəyinə görə iki növə ayrılır - funksional və
mexaniki dislaliya. Funksional dislaliya pedaqoji baxımsızlıq
nəticəsində yaranır. Uşağın nitqinin düzgün “tərbiyə” olunmaması və
uşaq dilində danışmasına səbəb olur. Funksional dislaliyada
artikulyar aparatda heç bir çatışmazlıq müşahidə olunmur.
Mexaniki dislaliya isə anadangəlmə və qazanılma ola bilər,
artikulyasiya aparatının qüsurları nəticəsində yaranır.
Dilin qüsurları dilin həddindən artıq böyük olması, enli və ya
qısa, ensiz olması, dilaltı pərdənin qısa olub-olmaması və ya
bitişik olması aiddir. Bu cür hallar dilin məhdudlaşdırılmasına
səbəb olur və səs tələffüzündə çətinliklər yaradır.
Uşaqların əmzikdən daha çox istifadə etməsi, barmağı sorması,
ananın uşağa uzun müddət süd verməsi, tənəffüs problemləri çənə
qüsurlarına səbəb olur. Daha sonra ön dişlərin aralı olub-olmaması
mexaniki dislaliyaya səbəb olur.
- Dislaliyanı yaradan səbəblər hansılardır?
- Mexaniki dislaliyada yanlış səs tələffüzünün əsasında
periferik artikulyasiya aparatının (dil, dodaqlar, dişlər, çənələr)
üzvi defektləri dayanır. Dil və dodaqların quruluşunun dislaliyaya
gətirən anamaliyalarına daha çox dil və üst dodaq yüyənin qısalığı
səbəb olur, nisbətən az-makroqlassiya (irihəcmli dil),
mikroqlassiya (ensiz kiçik dil), yoğun az hərəkətli dodaqlar.
Dil yüyəninin qısalığı zamanı hər şeydən əvvəl dilüstü səslərin,
dodaqların anomaliyasında isə dodaq və dodaq-diş səslərinin
tələffüzündə qüsur yaranır.
Genetik faktorların rolunu vurğulamaq lazımdır. Ailə üzvlərində
oxşar nitq problemləri dislaliyaya gətirib çıxara bilər. Erkən dil
inkişafı problemləri, nitqdə gecikmə kimi amillər olduqda
dislaliyaya səbəb olur. Eşitmə itkisi, eşitmə problemləri bir
insanın nitq səslərinin düzgün işləməsini və ya çıxarılmasını
çətinləşdirə bilər. Eşitmə cihazları dislaliyaya səbəb olur.
Nevroloji problemlər beynin sinir sistemi ilə bağlı ola bilər.
- Dislaliyanın hansı qolları var?
- Dislaliyanın qollarına siqmatizm fitli, fışıltı səslərin olmaması və ya əvəz olunması (S, Ş), rotatizm (R səsinin olmaması və ya başqa səslərlə əvəz olunması) daxildir. Həmçinin, lamdasizm (L səsinin olmaması və ya əvəz olunması), kappasizm (K, Q səslərinin olmaması və ya əvəz olunması), xitizm (Ğ, X səslərinin olmaması və ya əvəz olunması) və yotatizm (Y səsinin olmaması və ya əvəz olunması) aiddir.
- Dislaliyanın diaqnostikası necə aparılır?
- Dislaliya zamanı nitqin diaqnostik müayinəsi anada hamiləlik
və doğuşun gedişatı xüsusiyyətlərinin, uşağın keçirdiyi
xəstəliklərin, bioloji eşitmə və görmənin, dayaq-hərəkət aparatının
vəziyyətinin öyrənilməsindən başlanır. Daha sonra loqoped vizual
olaraq, artikulyar aparat orqanlarının düzülüş və hərəkətliliyini
müayinə edir.
Loqopedik müayinə prosesində pozuntunun xarakteri aşkar edilir
(səslərin buraxılması, əvəz edilməsi, yerdəyişməsi və təhrif
olunması), daha sonra fonematik eşitmənin vəziyyəti yoxlanılır.
Loqopedik rəydə dislaliyanın forması(mexaniki və ya funksional),
növü (artikulyator-fonematik), akustik-fonematik,
artikulyar-fonetik), yanlış səs tələffüzünün növü (rotasizm,
siqmatizm və s.) öz əksini tapır. Mexaniki dislaliya zamanı uşağa
stomotoloq, funksional dislaliya zamanı isə uşaq nevroloqunun
konsultasiyası da tələb oluna bilər.
- Səs qüsurlarını aradan qaldırmaq üçün hansı üsullar var?
- Dislaliyanı aradan qaldırmaq üçün ilk əvvəl hansı səslərin
qüsurlu tələffüz olunduğunu aşkar etmək lazımdır. Bunun üçün uşağa
hər bir səsin əvvəldə, ortada və axırda işləndiyini şəkillər və ya
mətnlər üzərində təklif olunur. Səsi qüsurlu tələffüz edərkən hansı
səhvlərə yol verdiyini müəyyən etmək lazımdır.
Səs qüsurlarını aradan qaldırmasının 3 üsulu var: yamsılama
(imitasiya, yəni səsin imitasiyası), mexaniki (loqopedik zondların
köməyi ilə) və qarışıq (hər iki üsulun tətbiqi).
- Dislaliyanın əlamətləri hansılardır?
- Dislaliya zamanı tənəffüs qüsurları, səslərin buraxılması, əvəz edilməsi, yerdəyişməsi özünü göstərir. Səs buraxılması dedikdə, səsin olmaması və ya tamamilə düşməsidir. Əvəz olunması o deməkdir ki, bir fonetik digəri ilə əvəz olunur. Əgər 4 səs qüsuru varsa, sadə (məsələn, R, L, J, G), 5 və daha artıq varsa, mürəkkəb səs qüsuru adlanır. Məsələn, R, L, J, G, Ş, K səslərin qüsuru varsa, demək şəxsdə mürəkkəb səs qüsuru var.
- Səs qoyuluşu hansı mərhələlər üzrə aparılır?
- Səs qoyuluşu bu mərhələlər üzrə aparılır: artikulyasiya
aparatını qoyulacaq səs tələffüzünə hazırlamaq, dil, dodaq,
izolyasiya olunmuş səsin alınması, səsin hesablarda
möhkəmləndirilməsi, səsin sözlərdə, cümlələrdə möhkəmlənməsi və
səsin sərbəst nitqdə möhkəmləndirilməsi.
Hər bir mərhələ ardıcıl həyata keçirildiyi zaman effektiv nəticə
əldə etmək mümkündür. Loqoped hər bir mərhələ zamanı ayrı-ayrı
tapşırıqlarla uşaqda səs qüsurunu aradan qaldırır.
- Dislaliya necə korreksiya edilir?
- Dislaliya korreksiyası üçmərhələli iş üzrə aparılır. Hazırlıq
mərhələsində nitq aparatındakı qüsurlar aradan qaldırılır. İkinci
mərhələdə səslərin tələffüzü üçün ilkin bacarıqlar formalaşdırılır.
Mütəxəssis uşağa əvvəlcə təkcə səsi tələffüz etməyi öyrədir, daha
sonra isə hecalara və sözlərə keçir. İşin yekun mərhələsində
öyrənilmiş səsin böyüklər və həmyaşıdlarla ünsiyyətdə düzgün
istifadəsinə istiqamətlənir.
Mexaniki dislaliya zamanı hazırlıq mərhələsində artikulyar aparatın
quruluşundakı (dil yüyəni və üst dodağın plastikası, ortodontik
müalicə kursu) anatomik defektləri aradan qaldırmaq vacibdir.
Hərəki-funksional dislaliyanın hazırlıq mərhələsində nitq
motorikasında inkişaf etdirilir (artikulyar gimnastika, loqopedik
masaj), sensor funksional dislaliyada fonomatik proseslər inkişaf
etdirilir.
Dislaliyanın korreksiyası üzrə məşğələlərin müntəzəm, həftədə üç
dəfədən az olmayaraq, aparılması vacibdir. Həmçinin, loqopedin
tapşırıqlarının evdə edilməsi də vacib şərtdir. Sadə dislaliya üzrə
məşğələlər 1-3ay, mürəkkəb dislaliya üzrə 3-6 ay üzrə təşkil
edir.
- Dislaliyanın profilaktikası necə aparılmalıdır?
- Dislaliya əksər hallarda uğurla korreksiya olunur.
Dislaliyanın müvəffəqiyyətlə dəf olunması defektin mürəkkəbliyi,
uşağın yaşı və fərdi xüsusiyyətləri, məşğələlərinin müntəzəmliyi,
valideynlərin bu işdə iştirakından asılıdır.
Məktəbəqədər uşaqlarda səs tələffüzü məktəbli uşaqlara nisbətən,
aşağı sinif şagirdlərində isə orta və yuxarı sinif şagirdlərinə
nisbətən daha tez korreksiya olunur. Dislaliyanın profilaktikası
nitq orqanlarındakı anatomik pozuntuların vaxtında aşkar olunmasını
tələb edir.
Valideynlər unutmamalıdır ki, onlar nitqin inkişafı baxımından övladları üçün örnəkdir.