Bakı. Trend:
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən “Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” altqrupun 20 dekabr 2024-cü il tarixində ilk görüşü baş tutub.
Trend xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb.
Bildirilib ki, görüş Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri İnarə Vəliyeva və İRİA-nın İdarə Heyəti sədrinin müavini Şahin Əliyevin rəhbərliyi ilə keçirilib.
Bununla yanaşı, görüşdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin digər altqurumları, o cümlədən Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin tabeliyində "Аzəriqаz" İstеhsаlаt Birliyi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Görüşdə Dünya Bankı Qrupunun yeni “Business Ready” hesabatında “Kommunal xidmətlərlə bağlı vahid informasiya sistemi” üzrə tələblər və qarşıda duran vəzifələr, kommunal xidmətlərlə bağlı vahid informasiya sistemi üzrə tapşırıqlar və görülmüş işlərin statusu, kommunal xidmətlərə qoşulma üzrə elektronlaşma və rəqəmsallaşma istiqamətində görülmüş işlər və potensial imkanlar barəsində fikir mübadiləsi aparılıb.
Görüş iştirakçıları, həmçinin kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə Yol Xəritəsinin ilkin layihəsi üzrə təklifləri də müzakirə ediblər.