Bakı. Trend:
Alman avtomobil nəhəngi “Volkswagen” qarşıdakı beş il ərzində restrukturizasiya planı çərçivəsində 35 min iş yerini ixtisar etməyi planlaşdırır. Bu addım şirkətə 4 milyard avroya qədər qənaət etməyə imkan verəcək.
Trend xəbər verir ki, bu barədə “Autocar” məlumat yayıb.
Şirkətin bəyanatında bildirilir ki, restrukturizasiya planı əməliyyatların sadələşdirilməsi, səmərəliliyin artırılması və elektrikli nəqliyyat vasitələri sektorunda rəqabətqabiliyyətli maliyyə bazasının təmin edilməsinə yönəlib.
İxtisarlar əsasən könüllü tədbirlər, o cümlədən erkən pensiya proqramları və işdən çıxma haqqı vasitəsilə həyata keçiriləcək. Məqsəd sosial təsirləri minimuma endirməkdir.
Hazırda Almaniyada “Volkswagen”in 120 min işçisi var ki, onların təxminən yarısı Volfsburqdakı əsas zavodda çalışır.
Yenidənqurma planına həmçinin istehsal səmərəliliyinin artırılması və resursların elektrik avtomobillərinə yönəldilməsi daxildir. Bundan əlavə, “Volkswagen”in Almaniyadakı istehsal şəbəkəsinin ümumi tutumu ildə 700 min avtomobil azaldılacaq.