...

Azərbaycan ailə modeli milli identikliyin və dini dəyərlərin üzərində qurulub - Bahar Muradova

Cəmiyyət Materials 23 Dekabr 2024 12:13 (UTC +04:00)
Azərbaycan ailə modeli milli identikliyin və dini dəyərlərin üzərində qurulub - Bahar Muradova
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu, bir həqiqətdir ki, dünyanın coğrafi, geosiyasi, iqtisadi, xüsusilə də insan resursları ilə zəngin olan əhəmiyyətli bir coğragiyasında yerləşən Azərbaycanın milli-mənəvi və dini-mədəni irsi qədim tariximizə və ənənələrimizə söykənir. Ölkəmizdə müxtəlif dinlər və konfessiyalara məxsus xalqlar və etnik qruplar daim sülh şəraitində yaşayıb və bu əsasda formalaşmış birgəyaşayış modelinin özünəməxsus unikallığı qorunub saxlanılıb. Bu isə öz növbəsində bizim malik olduğumuz və haqlı olaraq hər zaman qürur duyduğumuz multikulturalizm və tolerantlıq dəyərlərinin əsasını təşkil edib.

Trend xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dekabrın 23-də Bakıda keçirilən “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan Din Xadimlərinin Forumunda çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, Azərbaycan Respublikası dünyəvi dövlət və demokratik cəmiyyət modelinə uyğun olaraq, dinin cəmiyyət həyatında oynadığı mühüm rolu hər zaman tanıyıb və dəstəkləyib.

Ölkəmiz ənənəvi multikulturalizm və tolerantlıq siyasətini bu gün də davam etdirərək müxtəlif dinlərə və mədəniyyətlərə mənsub insanların bərabər şəraitdə yaşamasını təmin etməkdədir. Azərbaycan dövlətinin əsaslandığı dünyəvilik prinsipləri milli və dini dəyərlərin əhəmiyyətini xüsusi vurğulamaqla onu həyatımızın əsas məzmunu, ailə institutunun isə dayağı kimi müəyyən edir.

“Bu baxımdan Azərbaycan ailə modeli də milli identikliyin və dini dəyərlərin üzərində qurulub. Bu dəyərlərin düzgün təbliği isə ailə institutunu hər cür kənar təsirlərdən qoruyur. Odur ki, dini maarifləndirmə işi yalnız dini icmalar və ibadət ocaqları ilə məhdudlaşmayaraq müvafiq dövlət orqanlarının da fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir”, - deyə Bahar Muradova bildirib.

Qeyd edək ki, dekabrın 23-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir.

Forumda dövlət qurumlarının rəsmi şəxsləri, ilahiyyatçı alim və mütəxəssislər, eləcə də respublikamızın müxtəlif regionlarından gələn fərqli konfessiyalara mənsub 100-dən çox din xadimi iştirak edir.

Forum dini təhdidlər haqqında cəmiyyətin məlumatlandırılması, dini maarifləndirmə prosesində din xadimlərinin rolunun artırılması, eyni zamanda, dini icmaların və din xadimlərinin fəaliyyəti, qarşılaşdıqları çətinliklər barədə rəy və təkliflərin öyrənilməsi məqsədi daşıyır.

Xəbər lenti

Xəbər lenti