Azərbaycan Biznesinin İnkişafı Fondunun vəzifələri və hüquqları məlum olub.
Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi Fondun Nizamnaməsində öz əksini tapıb.
Belə ki, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Fondun vəzifələri aşağıdakılardır:
Müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
Fondun vəsaiti hesabına Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri çərçivəsində Fondun Müşahidə Şurasının müəyyən etdiyi prioritet sahələr, o cümlədən qeyri-neft sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi və ixrac əməliyyatları üzrə maliyyələşdirmə və ya təminat mexanizmləri vasitəsilə dəstək göstərmək;
Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda və qaydada sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası vermək;
“İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci, 8.1.2-ci və 8.1.5-ci maddələrində nəzərdə tutulmuş formalarda ölkə daxilində, eləcə də ölkə xaricində yerli biznesin inkişafı ilə əlaqəli olan layihələrə investisiya qoyuluşunu həyata keçirmək;
Fonda təqdim olunan investisiya layihələrinin ekspertizasını həyata keçirmək;
Fondun maliyyə dayanıqlığının təmin edilməsi məqsədilə tədbirlər görmək;
Fondun fəaliyyət istiqamətləri üzrə riskləri müəyyənləşdirmək, qiymətləndirmək və idarə etmək, habelə bu sahədə həyata keçirilən siyasətin optimallaşdırılması istiqamətində müvafiq tədbirlər görmək;
Fəaliyyət istiqamətləri üzrə ayrılmış vəsaitdən təyinatına uyğun istifadə olunmasına nəzarət etmək üçün müvəkkil təşkilatlar vasitəsilə və müstəqil surətdə monitorinqlər aparmaq, bu vəsaitdən təyinatı üzrə istifadə edilmədikdə müvafiq tədbirlər görmək;
Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Fondun səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
Müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;
Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
Müvafiq sahədə təşviqat işlərini təşkil etmək;
Dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;
Kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Fond əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
Öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet səhifəsinin yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin səhifədə yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
Fonda ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etmək;
Dövlət və kommersiya sirrinin, habelə qanunla qorunan digər məlumatların məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
Fondun informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
Fondun strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
Qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
Bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
Öz vəzifələrini yerinə yetirmək üçün Fondun aşağıdakı hüquqları vardır:
Müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;
Müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;
Fonda maliyyə vəsaitinin cəlb olunması üçün tədbirlər görmək, o cümlədən maliyyə bazarlarından kreditlərin cəlb olunması barədə danışıqlar aparmaq, təkliflər vermək, normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla əqdlər bağlamaq;
Qiymətli kağızlar (istiqraz, investisiya fond payı və s.) almaq;
Fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
Qabaqcıl beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
Fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
Fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
Dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə, habelə müvəkkil təşkilatlara zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
Müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
Əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
Nazirliyin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;
Bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.