Bakı. Trend:
31 dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibətilə Azərbaycanın Latviyadakı Səfirliyi və Latviya Azərbaycanlılarının “Azəri” Cəmiyyətinin birgə təşkilatçılığı ilə 22 dekabr tarixində Riqa Latviya Cəmiyyəti Evində konsert tədbiri keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirin açılışında çıxış edən Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş 31 dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.
E.Sultanov 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə keçirilən antiterror tədbirləri nəticəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edildiyi və tarixi ədalətin bərqərar olunduğunu diqqətə çatdırdı.
Vurğulandı ki, Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olub.
Səfir cari ildə Azərbaycan və Latviya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu və iki ölkə arasında əlaqələrin dinamik inkişaf etdiyini bildirərək, bu ilin may ayında Latviya Seyminin sədri Dayqa Mierinanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə, o cümlədən işğaldan azad olunmuş ərazilərə səfər etdiyini qeyd edib. O, ikitərəfli əlaqələrin inkişafında Latviyadakı Azərbaycan diasporasının töhfəsini vurğulayıb.
Tədbirdə çıxış edən “Azəri” cəmiyyətinin sədri Ulduzxan Əhmədov tədbirin əhəmiyyətini vurğulayaraq, Latviyada yaşayan Azərbaycan icmasının doğma Azərbaycanımızın daha da güclənməsi istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəyini söylədi.
Qeyd edilib ki, 30 ilə yaxın Vətən həsrətinə 44 gün ərzində son qoyan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Qələbəsi tariximizin qəhrəmanlıq salnaməsini təşkil edir və Latviyada yaşayan Azərbaycan diasporası bu tarixi Zəfər ilə böyük qürur və sevinc hissləri keçirir.
Daha sonra tədbir iştirakçılarına ölkəmizin tanınmış incəsənət ustaları Təyyar Bayramov (xanəndə), Səbinə Ərəbli (xanəndə), Rüstəm Müslümov (tar), Toğrul Əsədullayev (kamança) və Amil Mustafayevin (nağara) ifaları ilə təqdim edilən konsert proqramı böyük coşqu ilə qarşılandı.