Bakı. Trend:
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Doğum gününüz münasibətilə Türk Dövlətləri Təşkilatının Katibliyi adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Azərbaycan Respublikası Sizin liderliyiniz və müdrik siyasətiniz sayəsində dünyadakı nüfuzunu daha da möhkəmləndirmiş, beynəlxalq sülh, sabitlik və əmin-amanlığın təminatına ciddi töhfə verməklə regional siyasətin formalaşdırılmasında mühüm rol oynayan dövlətə çevrilmişdir.
Bu yaxınlarda Bişkek şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə Görüşü zamanı Sizinlə görüşümüzü böyük məmnuniyyətlə xatırlayıram. Fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsində mühüm rol oynadığını vurğulayır, təşkilatın inkişafı məqsədilə göstərdiyiniz hərtərəfli dəstəyə və təşəbbüslərinizə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm.
Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".