Bakı. Trend:
Azərbaycan Biznesinin İnkişafı Fondunda uçot və hesabatın aparılması qaydası məlum olub.
Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi Fondun Nizamnaməsində öz əksini tapıb.
Belə ki, Fondun milli valyutada pul vəsaiti Azərbaycan Respublikasının Mərkəzi Bankında açılan bank hesablarında saxlanıla bilər.
Fond “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
Fond “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
Fond idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
Fond öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir. Eyni kənar auditorla ardıcıl 3 ildən artıq müddətə müqavilə bağlanıla bilməz.