Bakı. Trend:
28 mart xüsusi xidmət orqanlarının - Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarınının peşə bayramı günüdür. Bu münasibətlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov açıqlama verib.
Trend xəbər verir ki, polkovnik açıqlamasında qeyd edib ki, DTX-nın Vətən müharibəsi və post-müharibə dönəmindəki fəaliyyəti Azərbaycanın təhlükəsizliyi baxımından ikiqat əhəmiyyətə malik olub:
“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan Vətən müharibəsində DTX həm ön, həm də arxa cəbhədə xüsusi aktivlik sərgiləməklə 8 Noyabr zəfərinin əldə edilməsinə böyük töhfə verib, erməni faşizminin təxribat cəhdlərinin qarşısını müvəffəqiyyətlə alıb. Təsadüfi deyil ki, xüsusi xidmət orqanlarımızın sayıqlığı nəticəsində müharibə dönəmində ölkə daxilində vətəndaşlarımızın təhlükəsizliyi təmin olunub, hər hansı terror aktının reallaşmasına imkan verilməyib.
DTX post-müharibə dönəmində də dövlətimizin təhlükəsizliyi istiqamətində aktiv fəaliyyətini uğurla davam etdirib. Xüsusilə də 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal anti-terror tədbirləri zamanı separatçıların son müqavimət nöqtələrinin susdurulmasında, doğma Qarabağımızın separatçılardan təmizlənməsində DTX yaxından iştirak edib, bu prosesə böyük töhfələr verib. Anti-terror tədbirləri və ondan sonrakı dönəmlərdə Qarabağda gizlənən separatçıların aşkar edilərək neytrallaşdırılması, onların Bakıya gətirilərk məhkəmə qarşısına çıxarılmasında xüsusi xidmət orqanlarımız böyük əmək və peşəkarlıq sərgiləyib.
DTX erməni separatçılarını zərərsizləşdirməklə Ermənistan və onun havadarlarına göstərdi ki, Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşı cinayət törədən, təhlükəsizliyimizə və suverenliyimizə qəsd etmək istəyən heç kim cəzasız qalmayacaq və onlar gec-tez qanun qarşısında cavab verməli olacaq.
Mən 28 mart – peşə bayramı münasibətilə xüsusi xidmət orqanlarımızı - DTX və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarını təbrik edir, onlara bu ağır və şərəfli fəaliyyətlərində uğurlar arzulayıram.
Əminəm ki, bugünə qədər olduğu kimi, bundan sonra da xüsusi xidmət orqanlarımız dövlətimizin təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək, Prezidentimizin və xalqımızın etimadını eyni qətiyyətlə doğruldacaq, xalqımızı, təhlükəsizliyimizi hədəf alan bütün bədxah qüvvələrə erməni separatçılarının aqibətini yaşadacaq”.