Bakı. Trend:
Prezident İlham Əliyevin sərəncamına əsasən, şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı 2030-cu ilədək davam etdiriləcək.
Mövzu ilə bağlı Trend-ə açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Prezidentin məlum Sərəncamının tarixi-mənəvi əhəmiyyətinə diqqət çəkib:
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin 2030-cu ilədək davam etdirilməsi dövlətimizin, Prezidentimizin həssas kateqoriyaya mənsub vətəndaşlarımıza olan qayğı və ehtiramının nümunəsidir. Bu sərəncam bir daha sübut edir ki, şəhid ailələrinin, müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların hərtərəfli diqqət və qayğı ilə əhatə olunması dövlətimiz üçün prioritet məsələdir.
Dövlətimiz bu istiqamətdə uzun illərdir ki, sistemli, məqsədyönlü siyasət yürüdür ki, bu siyasətin nəticəsi göz önündədir. Bu gün ölkəmizdə şəhid ailələri və müharibə əlillərinə göstərilən qayğı dünyanın ən qabaqcıl ölkələrinə belə nümunə sayıla biləcək səviyyədədir. Prezidentimizin 13 may 2025-ci il tarixli Sərəncamı dövlətimizin şəhid ailələləri və müharibə əlilləri ilə bağlı ənənəvi siyasətini davam etdirməkdə son dərəcə qətiyyətli olduğunu bir daha isbatladı.
Sözügedən Sərəncam həssas kateqoriyadan olan vətəndaşlarımızın sosial rifahını yaxşılaşdırmaqla yanaşı, onların mənəvi ehtiyaclarının qarşılanması baxımından da mühüm əhəmiyyətə malikdir. Heç kimə sirr deyil ki, məhz bu kimi nəcib addımlar sayəsində şəhid ailələri, müharibə əlilləri dövləti daim öz yanlarında hiss edir, dövlətimiz üçün nə qədər önəmli olduqlarını anlayırlar.
Məhz bu baxımdan Prezident İlham Əliyevin məlum sərəncamını həm tarixi, həm də mənəvi baxımdan yüksək qiymətləndirir, buna görə Müzəffər Ali Baş Komandanımıza bütün veteranlar adından dərin təşəkkürümüzü bildiririk. Əminəm ki, şəhid ailələrinə, müharibə əlillərinə göstərilən bu yüksək diqqət gənclərimizin vətənpərvərlik tərbiyəsinə də öz müsbət təsirini göstərəcək, xalq-dövlət birliyini daha da gücləndirəcək”.