...

Ramil Səfərovun məhkəməsində zərərçəkmişlər və şahidlər dindirilib

Cəmiyyət Materials 3 May 2006 20:07 (UTC +04:00)

Mayın 3-də Budapeşt şəhər Məhkəməsində Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun işi üzrə keçirilən məhkəmə iclasında zərərçəkmişlər və şahidlər dindirilib. Bu barədə Trend ə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, məhkəmə iclasına hakim Tot Byendver sədrlik edib. R.Səfərovun hüquqlarını isə dövlət hesabına tutulmuş vəkil Klara Fişer müdafiə edib.

Erməni zabiti Qurgen Markaryanın öldürülməsi faktı ilə əlaqədar R.Səfərov istintaq altında saxlanıldığı vaxt həbsxananın işçilərinə müqavimət göstərməkdə təqsirli bilinir. İttihama görə, 19 iyun 2004-cü ildə həbsxana nəzarətçiləri Ramil Səfərovun kamerasına gələrək ondan telefon kartını tələb ediblər. Ramil Səfərov tələbi yerinə yetirməyib və nəticədə nəzarətçilər R.Səfərovun əllərini bağlamaq istəyərkən sonuncu onlara müqavimət göstərib.

Lakin R.Səfərov hələ ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, nəzarətçilər ondan kartı macar dilində tələb ediblər. O isə həmin dili bilmədiyinə görə tələbə əməl etməyib. Bundan sonra 8 nəzarətçi onun əl-qolunu bağlayaraq fiziki zor tətbiq ediblər. Əvvəlcə Ramil Səfərov nəzarətçilərin hərəkətindən şikayət edib. Daha sonra qarşı tərəf də şikayət verib. Ramil Səfərovun şikayəti ilə bağlı cinayət işinə beş dəfə xitam verilsə də, qarşı tərəfin şikayəti dərhal icraata götürülüb.

Məhkəmədə dindirilən şahidlər həbsxana işçiləridir.

Qeyd edək ki, Ramil Səfərov Q.Markaryanı qətlə yetirdiyinə görə aprelin 13-də ömürlük həbsə məhkum edilib. Hazırda o, ikinci dəfədir ki, Budapeşt şəhər Məhkəməsi tərəfindən mühakimə olunur.

Xəbər lenti

Xəbər lenti