...

İşsizlik problemindən son bir ayda Gürcüstan azərbaycanlıları kütləvi şəkildə ölkəni tərk edirlər

Cəmiyyət Materials 16 İyun 2006 15:25 (UTC +04:00)

Gürcüstanın kənd təsərrüfatı məhsuallarının Rusiyaya daşınmasına qadağa qoyulmasından sonra Gürcüstanda yaşayan azərbaycanlılar işsizlik problemi ilə əlaqədar kütləvi şəkildə ölkəni tərk edirlər. Bu barədə Trend ə Gürcüstan Azərbaycanlıları Milli Assambleyasından (GAMA) məlumat verilib.

Assambleyanın prezidenti Daşqın Gülməmmədov bildirib ki, bu təşkilat Gürüstan azərbaycanlılarının miqrasiyası ilə bağlı araşdırmalar aparıb. Onun sözlərinə görə, əhalinin kütləvi şəkildə ölkəni tərk etməsinin əsas səbəblərindən biri işsizlik və milli diskriminasiya ilə yanaşı, Rusiyanın Gürcüstandan gətirilən meyvə-tərəvəzə qadağa qoymasıdır. Nəticədə əkin mövsümündə azərbaycanlıların becərdiyi meyvə-tərəvəzlər satılmayıb və qazanc mənbələri kəsilib. Onların məhsullarını daxili bazara çıxarmağı da reallaşdıra bilmirlər.

GAMA-nın məlumatına görə, son 1 ay ərzində azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Qaçağan kəndindən 2 min nəfər, Sadaxlı kəndindən 1700 nəfər, Qızıl Hacılı kəndindən 3 min nəfər, Marneuli şəhərindən 2500 nəfər, Dumanisi və Bolinisi rayonlarından ümumilikdə 8 min nəfər Gürcüstanı tərk edərək Azərbaycan Respublikasına gəlib. Əsasən Bakı və Gəncə şəhərlərində yerləşən azərbaycanlıların əksəriyyəti daha çox tikinti işlərində çalışmağa, bir qismi isə xırda ticarətlə məşğul olmağa başlayıb.

Gürcüstan azərbaycanlılarından Türkiyəyə gedənlər də var. Belə ki, may ayı ərzində Marneuli rayonundan 3600 nəfər Türkiyəyə gedib. Bu məlumat Tbilisidəki Türkiyə konsulluğundan alınıb. Məlum problemlər üzündən 6 mindən çox azərbaycanlı isə Rusiyaya gedib. GAMA Rusiyaya miqrasiya ilə bağlı məlumatları Marneulidə viza verən turist şirkətlərindən əldə edib.

Təşkilatın məlumatına görə, Gürcüstan vətəndaşı olan 200-ə yaxın azərbaycanlı isə Avropa ölkələrinə - İtaliya, Almaniya, Danimarka və İsveçrəyə qaçqın statusu almaq üçün müraciət edib. 40 azərbaycanlı isə Rusiyaya müraciət edib, onlardan 8 nəfərinə qaçqın statusu verilib. 2 nəfər isə Azərbaycan Respublikasına müraciət edib, lakin Qaçqınkom Gürcüstan-Azərbaycan

münasibətlərinin pozulmaması səbəbini əsas gətirərək onlara qaçqın statusu verməkdən imtina edib. Qeyd edək ki, bu ölkələrdə sığınacaq almaq üçün müraciətlər son 6 ay ərzində edilib.

GAMA rəhbərinin sözlərinə görə, son 10 gündə Gürcüstanın azərbaycanlılar yaşayan rayonlarında hər kənddə cəmi 20-30 adama yarım hektardan bir hektaradək torpaq paylanılır. Onun sözlərinə görə, bu ərazilər münbit torpaqlar deyil, şoranlıq, dağ yamacları və su sistemləri olmayan ərazilərdir. Suvarılan münbit torpaqlar isə gürcü sahibkarlarının əlindədir.

Xəbər lenti

Xəbər lenti