...

Respublika Prokurorluğu ömürlük həbsə məhkum edilmiş məhbusla bağlı müraciətə rəsmi cavab verib

Cəmiyyət Materials 13 Aprel 2007 19:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Qobustan qapalı həbsxanasında saxlanılan ömürlük həbs cəzasına məhkum edilmiş Dəyanət Kərimovun ailə üzvlərinin müraciətinə cümə günü Respublika Baş Prokurorluğundan cavab verilib. Bu barədə məhbusun bacısı Nübar Kərimova məlumat verib.

O bildirib ki, aprelin 13-də ünvanına Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rəisi, üçüncü dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin imzası ilə 08/758206 saylı məktub daxil olub. Məktubda bildirilir ki, Dəyanət Kərimovun barəsində çıxarılmış ömürlük həbs cəzasının dəyişdirilməsi ilə bağlı təkrar müraciətə baxılıb. İdarə rəisi yazıb ki, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı 19 mart 2007-ci il tarixli əfv fərmanı ilə D.Kərimovun ömürlük cəzası 25 illik həbs cəzası ilə əvəz olunub.

Məhbusun bacısı N.Kərimova bildirir ki, martda verilən əfv fərmanı ilə əfvə düşən məhbusların siyahısında qardaşının adı olmayıb. Kərimova Baş Prokurorluğun rəsmi cavab məktubunda anlaşılmazlıq olduğunu deyir: "Çünki əfv siyahısında ömürlük cəzaya məhkum olunmuşlar arasında Kəramət Kərimovun adı olub və o, əfv edilib. Mən güman edirəm ki, Baş prokurorluq qardaşım Dəyanət Kərimovu Kəramət Kərimovla səhv salıb"-deyə N.Kərimova qeyd edib.

Kərimova bildirir ki, ömürlük həbsinə etiraz olaraq aclıq aksiyası keçirən qardaşı ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə ünvanladığı müraciəti nazirlik baxılması üçün Respublika Prokurorluğuna göndərmişdi.

Xəbər lenti

Xəbər lenti