...

"YUĞ"-çuların müəmma dolu "Tas" oyunu

Cəmiyyət Materials 11 İyun 2007 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyun /müx.TrendLife Saleh Salahzadə/Dünyanı ağuşuna alan kürəsəl qloballaşma insan həyatını öz kökündən, tarixi ənənələrindən qopararaq adiləşdirir, simasızlaşdırır. Tamaşanın əsas yaradıcılıq qayəsi budur. Hər yeni tamaşasıyla seyricilərini heyran edən "YUĞ" Dövlət teatrı sayca 67-ci tamaşasında da öz ənənələrinə sadiq qaldı. Köhnə hamamda məskunlaşmış teatr bu dəfə paytaxtın teatral elitasını öz qeyri-adi düşüncə tərziylə, ehkamlara sığmayan yaradıcı xüsusiyyətləri ilə seçilən yazıçı-dramaturq Orxan Fikrətoğlunun "Axrestomatik əhvalat", "At belində nəsihət", "İtki", "Yuxu" və "Avtobioqrafiya" hekayələri əsasında hazırladığı "Tas" tamaşası ilə heyrətləndirə bildi. Teatrın hamamda yerləşdiyini bilənlər bu sehirli aləmdə öz əllaməçiliyiylə seçilən bədii rəhbər Vaqif İbrahimoğlunun bütün həngamələri "hamam tası" üzərində qurulduğunu düşünəcəklər. Amma bu "Tas" o tasdan deyil.

"Nərd oyununun fəlsəfi-mifoloji simvolikası, ehtimal nəzəriyyəsinin şərtləri, qeyri-müəyyənlik prinsipinin məntiqi fiquru olan müəmmanın düşüncəyə müdaxilə potensialı, məzmunsuz formanın tərsi olan dramaturji formasız məzmunun məna çalarları, söylənilən əhvalatların nə baş verən olayların duallığı, ikili xüsusiyyəti "Tas" tamaşasının ideya qurğusunu təşkil edir" - deyən tamaşanın quruluşçu rejissoru və yaşlı kişi obrazının ifaçısı Vaqif İbrahimoğlu fikrini belə tamamladı: "Nəzərə alınsa ki, bu tamaşanın öncədən tərtib olunmuş ssenarsi və onun əsasında gerçəkləşdirilmş rejissor quruluşu yoxdur, "Tas"ın təbiətini "Virtual qurğu" kimi dəyərləndirmək olar".

Bu vaxta qədər "Kitabi-Dədə Qorqud", Nizami Gəncəvi, N.Qoqol, F.Kafka, R.Desnos, S.Yamomoto kimi ünlüləri repertuarına daxil etmiş teatrın birdən-birə Orxan Fikrətoğlu yaradıcılığına müraciətinin səbəbini soruşduqda Vaqif İbrahimoğlu: "Bu günkü sosial-psixoloji ortamı, duyğuları, ovqatı heç kim Orxandan yaxşı təzahür etdirmir. Həm də öz yaradıcılığı ilə Mirzə Cəlil ənənəsinin davamçısı kimi mənə çox əzizdir" - dedi.

Vüzual olaraq səhnəqrafiya şərtlərinə uyğun qurulmayan "Tas" tamaşasının musiqisi də leytmotivsiz və müxtəlifdir. Bu baxımlı oyunun səhnə tərtibatını isə rəsam Rəşid Şərif düzənləyib. Şərti olaraq iki hissəli oyun boyunca səhnəni tərk etməyən beş iştirakçının hərəsi adama bir hekayət söyləyir. Kimisi nərd oynayır, kimisi corab toxuyur, kimisi ortalıqdakı samovardan çay süzür, biri xurcunla "eşşək" fiqurunun yanında fırlanaraq qəzəbini əlindəki oraqla , belindəki yay-oxla ifadə edir, digəri isə qaralı-qırmızılı geyimi, şəhvət dolu əndamıyla diqqəti cəzb edərək müxtəlif ovqat yaradır.

Tamaşada Vaqif Həsənli - Yaşlı kişi, Ruslan Şöhrətoğlu - Gənc kişi, Gülzar Qurbanova - Yaşsız qadın, Zümrüd Bəxtiyar - "Eros", Qasım Nağı isə "Tanatos" obrazını yaradıblar. Tamaşada Saleh Salahın şerləri səslənir.

Xəbər lenti

Xəbər lenti