...

Bizi bir-birindən əhəmiyyətli 9 oyun gözləyir - Anatoli Nuriyev

İdman Materials 27 Mart 2024 18:59 (UTC +04:00)
Bizi bir-birindən əhəmiyyətli 9 oyun gözləyir - Anatoli Nuriyev

Bakı. Trend:

Komanda olaraq hər birimiz hədəflərimizə köklənmişik.

Trend xəbər verir ki, bunu İdman.biz-ə “Sabah”ın futbolçusu Anatoli Nuriyev deyib.

28 yaşlı yarımmüdafiəçi Bakı klubunun yeni baş məşqçisi Krunoslav Renduliç və son oyunlarda qazanılan ardıcıl qələbələr barədə fikirlərini açıqlayıb b: “Yeni baş məşqçimizin bizdən nə tələb etdiyini bilirik. Hər birimiz uğurlu nəticə üçün birlikdə mübarizə aparırıq. Ümid edirəm ki, mövsümün sonunda hədəflərimizə çatacağıq”.

Anatoli Azərbaycan Premyer Liqanın XXVII turunun “Sumqayıt”la matçındakı 2:1 hesablı qələbəni şərh edib: “Birinci hissədə yaxşı oynadıq. Komanda kompakt mübarizə apardı. Bunun da nəticəsində hesabda önə keçdik. Lakin fasilədən sonra o qədər də yaxşı oynamadıq. Qol fürsətlərimiz daha az oldu. Amma yaxşı oldu ki, ikinci qolu vura bildik. Görüşdən 3 xalla ayrılmağı bacardıq. Bizim üçün vacib olanı qələbə idi”.

Azərbaycan çempionatının XXVIII turunda “Zirə”ni qəbul edəcək “Sabah”ın futbolçusu qarşıdakı matçın da çətin keçəcəyini deyib: “Zirə” ilə oyunlarımız həmişə çətin keçir. Bu mövsüm baş tutan hər 3 oyun 1:0 başa çatıb. Bu da dediklərimə sübutdur. Amma qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Qarşıda bizi bir-birindən əhəmiyyətli 9 oyun gözləyir. Bu matçların hər biri bizim üçün çox əhəmiyyətlidir”.

Qeyd edək ki, “Sabah” turnir cədvəlində 40 xalla ikinci pillədə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti