...

Çindən Azərbaycana 1 milyon tut tingi gətirilib (FOTO)

İqtisadiyyat Materials 30 Noyabr 2017 12:16 (UTC +04:00)
Çindən Azərbaycana 1 milyon tut tingi (çəkil) gətirilib.
Çindən Azərbaycana 1 milyon tut tingi gətirilib (FOTO)

Bakı. Trend:

Çindən Azərbaycana 1 milyon tut tingi (çəkil) gətirilib.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilir ki, respublikada baramaçılığın inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, rayonlarda yeni intensiv tipli tut (çəkil) bağlarının salınması məqsədi ilə nazirlik tərəfindən 1 milyon ədəd tut tinglərinin alınması üçün Çin Xalq Respublikasının "Shandong Guangtong Silkworm Eggs Co" LTD şirkəti ilə tender müqaviləsi bağlanılıbr. Müqavilənin şərtlərinə uyğun olaraq, noyabrın 29-da şirkət tərəfindən tədarük edilmiş 1 milyon ədəd tut tingləri hava nəqliyyatı vasitəsi ilə respublikaya gətirilib.

Tinglərdən ibarət yüklərin ötən gün Heydər Əliyev adına Hava Limanından Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış bölgü əsasında, ayrılmış nəqliyyat vasitələri ilə operativ surətdə Lənkəran, Tovuz, Şəki, Bərdə və Ucar rayonlarına yola salınıb və sonradan bölgüyə uyğun olaraq, bu rayonlardan ətraf 38 rayona paylanılacaq.

Yeni çəkil bağlarının salınmasında və əkilmiş tinglərə aqroteniki qulluq işlərinin həyata keçirilməsində yerli bağbanlara metodiki köməklik göstərilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən müvafiq video tövsiyələr, bukletlər, yaddaş vərəqələri və digər maarifləndirici materiallar hazırlanıb və Çin şirkətinin mütəxəssisləri respublikaya dəvət ediliblər. Kənd Təsərrüfatı Nazirliyinin və Çin şirkətinin mütəxəssisləri birlikdə fermer və sahibkarlara metodiki tövsiyələr verəcəklər.

Qeyd edək ki, gətirilən çəkil tingləri beynəlxalq standartlara cavab verən, 2 illik calaq olunub, həm daşınmasını asanlaşdırmaq, həm də sükunət dövrünü başa vurmaq məqsədilə kök boğazından 50 sm olmaqla kəsilib hazırlanıb və fermer və sahibkarlara ödənişsiz əsaslarla veriləcək.

Gətirilmiş tinglər fitosanitar baxışdan keçirilib və bu gündən artıq rayonlarda əkininə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti