...

Azərbaycanda infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması ilə bağlı yeni qaydalar hazırlanıb

İqtisadiyyat Materials 28 Noyabr 2019 11:41 (UTC +04:00)
Azərbaycanda "İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması Qaydası”nın layihəsi hazırlanıb.
Azərbaycanda infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması ilə bağlı yeni qaydalar hazırlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda "İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması Qaydası”nın layihəsi hazırlanıb.

Trend-in məlumatına görə, bunu “Əlilliyi olan şəxslər iş dünyasında” adlı tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Nazir müavini ötən ilin may ayında “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun qəbul edildiyini deyib.

O, yeni qanunun qəbulu ilə əlaqədar hazırlanan müvafiq layihələri, əlilliyin müəyyən olunması sahəsində yeni meyarları, yeni “Reabilitasiya Konsepsiyası” sənədinin layihəsinin hazırlanmaqda olduğunu, Almaniyanın Bədbəxt Hadisələrdən Sığorta Agentliyi ilə bu istiqamətdə əməkdaşlıq həyata keçirildiyini söyləyib.

Nazir müavini əlillik və tibbi-sosial reabilitasiya sahəsində aparılan islahatlardan bəhs edib. O, əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması sahəsində də məqsədyönlü işlərin aparıldığını vurğulayıb.

Bildirib ki, 2019-2030-cu illər üçün Məşğulluq Strategiyasında əlilliyi olan şəxslərə xüsusi məşğulluq xidmətlərinin təqdim edilməsi üçün müvafiq infrastrukturun yaradılması və peşə reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur.

Nazirlik və BMT-nin İnkişaf Proqramının birgə layihəsi çərçivəsində 500 nəfər əlilliyi olan şəxsin dayanıqlı biznes qurmaları üçün işlər aparılır.

“British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Samr Şah təşkilatın həssas qruplarla bağlı layihələrini qeyd edib, əlilliyi olan şəxslərin məşğulluq imkanlarının dəstəklənməsinin diqqətdə saxlanan iş istiqamətlərindən olduğunu bildirib. Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp BP - “British Council”in sosial önəm kəsb edən layihələrindən bəhs edib, o cümlədən “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı”nın önəmini diqqətə çatdırıb.

Tədbirdə daha sonra “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması layihəsi” təqdim edilib. Qeyd edilib ki, bu layihənin əsas məqsədi əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası, onların məşğulluğunun, peşə və sosial reabilitasiyasının təmin edilməsindir. Layihə üzrə ötən il 100 nəfər əlilliyi olan şəxsə ingilis dili, kompüter, sosial bacarıqlar və xüsusi iş sahələri üzrə təlimlər keçirilib, sonda əmək yarmarkası təşkil olunub. Cari ildə də daha 100 nəfər əlilliyi olan şəxs layihəyə cəlb olunub. Layihənin uğurlu icrasını təmin etmək məqsədi ilə Azərbaycana dəvət olunan Böyük Britaniya eksperti Mark Qrey əlilliyi olan şəxslərin məşğulluğunun təminatı sahəsində Birləşmiş Krallığın təcrübələri barədə məlumat verib. Tədbirdə həmçinin BP-nin əlilliyi olan şəxslərin işə götürülməsi haqqında təcrübələri, təcrübə (Internship) proqramı barədə təqdimatın edilməsi, əlilliyi olan şəxslərin uğur hekayələrini bölüşməsi, əlilliyi olan şəxslərin məşğulluğunun təminatına, onların bacarıq və qabiliyyətlərindən istifadəyə işəgötürənlərin diqqətinin artırılması ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti