...

Qazaxıstan və Azərbaycan Orta Dəhlizin uğur qazanmasında həlledici rol oynayır - Roman Vasilenko (ÖZƏL MÜSAHİBƏ)

İqtisadiyyat Materials 19 Mart 2024 10:52 (UTC +04:00)
Qazaxıstan və Azərbaycan Orta Dəhlizin uğur qazanmasında həlledici rol oynayır - Roman Vasilenko (ÖZƏL MÜSAHİBƏ)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Astana. Trend:

Qazaxıstan və Azərbaycan Orta Dəhlizin uğur qazanmasında həlledici rol oynayır.

Bunu Trend-ə özəl müsahibəsində Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko deyib.

"Qazaxıstan və Azərbaycan, həmçinin, Orta Dəhliz kimi bilinən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsinin uğuru üçün həlledici ölkələrdir. Təsadüfi deyil ki, Qazaxıstan, Azərbaycan, Türkiyə və Gürcüstan kimi bu dəhlizin mərkəzində yerləşən əsas ölkələr son illər ərzində onun inkişafı üçün çox sıx çalışırlar. Artıq Bakıda və Aktauda bu dörd ölkənin xarici işlər və nəqliyyat nazirləri səviyyəsində bir neçə görüş keçirilib. Görüşlərin yekunlarına əsasən, bu marşrutla bağlı məhdudiyyətlərin aradan qaldırılmasını hədəfləyən müvafiq yol xəritələri imzalanıb", - deyə o qeyd edib.

Nazir müavininin sözlərinə görə, marşrutla yük daşımalarının həcmi 2022-ci ildə iki dəfə, 2023-cü ildə 2,76 milyon tona qədər artaraq, son iki il ərzində 3 dəfədən çox artıb.

"Əlbəttə ki, planlar bu həcmin növbəti illər ərzində yenə də həm region daxilindəki, həm də regiondan kənardakı müxtəlif dövlətlərin əlaqələndirilmiş səyləri sayəsində dəfələrlə artmasından ibarətdir.

Həmçinin, qeyd etmək istəyirəm ki, Qazaxıstan, Azərbaycan və Gürcüstan "MiddleCorridorMultimodalLimited" adlı birgə şirkət yaradıblar. Şirkət Astanada, Beynəlxalq Maliyyə Mərkəzində yaradılıb. Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmir yollarının birgə şirkəti, həmçinin, tarif siyasətini unifikasiya etmək, dəmir yolu nəqliyyat vasitələrinin, lokomotivlərin təmin olunması və bütünlükdə üç ölkədə bu marşrutda hərtərəfli xidmətlər göstərmək məqsədi daşıyır", - deyə Vasilenko bildirib.

O qeyd edib ki, regiondan kənarda xarici tərəfdaşlarla böyük işlər görülür.

"Söhbət mahiyyətcə bu marşrut üzrə əsas yükgöndərən olan Çindən, eləcə də, bu yükləri qəbul edən əsas tərəf olan Avropa İttifaqından (Aİ), həmçinin, "Qlobal İnfrastruktur və İnvestisiyalar üzrə Proqram" (PartnershipforGlobalInfrastructureandInvestment - PGII) adlı qlobal təşəbbüsü həyata keçirən Böyük Yeddilikdən gedir.

Fikrimizcə, Çin tərəfindən irəli sürülən "Bir kəmər, bir yol" layihəsi, yaxud Aİ tərəfindən irəli sürülən GlobalGateway proqramı, yaxud PGII kimi konsepsiyalar region ölkələrinin nöqteyi-nəzərindən tamamlayıcı təşəbbüslərdir və onların reallaşdırılması həm Mərkəzi Asiya, həm də Cənubi Qafqazın bütün ölkələri üçün, mahiyyətcə bütün xarici aktorlar üçün əlverişli olacaq, çünki biz onlarda böyük rəqabət görmürük, tamamlanma görürük", - deyə o əlavə edib.

Yanvarın sonunda Brüsseldə keçirilən və Aİ ilə Mərkəzi Asiya arasındakı nəqliyyat dəhlizlərinin inkişafına həsr olunmuş "Global Gateway-2024" forumundan bəhs edən Vasilenko forumun ötən ilin yayında Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən təqdim olunan məruzənin davamı olduğunu və Avropa Komissiyasının sifarişi ilə həyata keçirildiyini qeyd edib.

"Bu məruzənin tədqiqat predmetini Mərkəzi Asiyada nəqliyyat kommunikasiyalarının daha rəqabətqabiliyyətli və çox da rəqabətqabiliyyətli olmayan, perspektivli istiqamətlərinin öyrənilməsi təşkil edirdi. Məruzədə qeyd olunub ki, Cənubi Qazaxıstan ərazisindən keçən "Mərkəzi Transxəzər Nəqliyyat Şəbəkəsi" Avropa və Çini əvvəlcə Cənubi Qafqaz, daha sonra Mərkəzi Asiya vasitəsilə birləşdirmək üçün daha dayanıqlı və perspektiv yoldur.

AYİB bu xətt boyu Xorqos nəqliyyat keçidində Qazaxıstana daxil olan, daha sonra cənub-qərbdə Almatıya uzanan, daha sonra Taraz, Şımkent, Kızılordu, Beyneu və sonra Aktauya uzanan ikizonalı yanaşma təklif edib. AYİB-in məruzəsinə əsasən, 500 kilometrlik zolaqda bütün beş Mərkəzi Asiya dövlətini əhatə edən nəqliyyat layihələrini inkişaf etdirmək təklif olunub.

Bankın ekspertlərinin hesablamalarına görə, 40 layihənin reallaşdırılması üçün 18,13 milyard avro tələb olunur, bunlardan 33 layihə möhkəm infrastruktura, 7 tədbir isə yumşaq infrastruktur, qarşılıqlı rabitə, yük tədarüklərinin rəqəmsallaşdırılması, Anchor və s. həsr olunub. Uğurla başa çatan bu forumu hazırlamaq məqsədilə məruzənin praktik reallaşdırılması üzərində Avropa strukturları Mərkəzi Asiya ilə birgə çalışıblar və Avropa strukturları kreditlər və ya yüngül kreditlər, yaxud investisiyalar qismində 10 milyard avronun lazım olduğunu və bu məbləğin bu layihələri reallaşdıran region ölkələrinə və ya şirkətlərə xüsusən AYİB və ya Avropa İnvestisiya Bankı (AİB) vasitəsilə təqdim olunacaq", - deyə Vasilenko bildirib.

Konkret razılaşmalara toxunan nazir müavini forum çərçivəsində AYİB və AİB ilə maliyyələşdirməni və ya kredit xəttinin ayrılmasını, o cümlədən, Qazaxıstanda təqribən 1,5 milyard avro dəyərində layihələrin maliyyələşdirilməsini nəzərdə tutan bir sıra memorandumun imzalandığını bildirib.

"Beləliklə, Avropa tərəfi Mərkəzi Asiyada layihələrin reallaşdırılmasına bu cür yanaşır. Aİ-dən olan tərəfdaşlarla əlaqələndirici görüşlərin keçirilməsinə gəlincə, biz həm avropalılar, həm də digər ölkələrdən olan bütün tərəfdaşlrımızla gələcək koordinasiyada maraqlıyıq, çünki vəzifələrin miqyası çox böyükdür və əlbəttə ki, əlaqələndirmə zəruridir", - deyə Roman Vasilenko sonda deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti