...

Azərbaycanın üç rayonunda əkin sahələrinin su təminatı ilə bağlı yeni LAYİHƏ – 6,1 milyon manat ayrıldı

İqtisadiyyat Materials 30 Yanvar 2025 14:52 (UTC +04:00)
Azərbaycanın üç rayonunda əkin sahələrinin su təminatı ilə bağlı yeni LAYİHƏ – 6,1 milyon manat ayrıldı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Göyçay, Şəmkir və Ağcabədidə ərzaqlıq buğda istehsalı proqramına qoşulması üçün əkin sahələrinin suvarma suyu ilə təminatına dair işlərə başlanılır.

Trend-in əldə etdiyi məlumata görə, artıq bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyətində müvafiq işlərə start verilib.

Belə ki, Göyçay rayonu ərazisində Şirvan suvarma kanalının sol tərəfində dağətəyi massivdə yerləşən "Azorqanik” KTİİK-ya məxsus 1000 və 206 ha sahənin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq.

Bundan başqa, Şəmkir rayonunun Ceyrançöl massivində Kür çayı üzərində qurulmuş 2 pilləli nasos stansiyalarında qeyd olunan işlərin icrası nəticəsində Azərşəkər MMC-yə məxsus 2000 ha pivot suvarma sistemlərinin qurulacaq.

Həmçinin Ağcabədi rayonu ərazisində isə “Maqro” MMC-yə məxsus 250 sahənin suvarma suyu ilə təmin olunması üçün istismar müddətini başa vurmuş 10 ədəd subartezian quyusunun təmir-bərpa olunması işləri görüləcək.

Məlumata görə, sözegdən işlər “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanın icrası ilə əlaqədar aparılacaq.

Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti rayonların su təminatı ilə bağlı bəhs olunan işlərin icrasını "Ensol" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 6,1 milyon manat ödənilib.

Qeyd edək ki, üç rayon ərazisində əkin sahələrinin su təminatı ilə bağlı işlərin həvalə olunduğu "Ensol” MMC 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi isə Səmədov Rahim Nizami oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti